AZ

Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır

Bir vaxtlar dağıntıların səssizliyinə bürünən Ağdam bu gün yenidən dirçəlir. Genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığı bu torpaqlarda yeni həyat qurulur, gələcək inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində icra olunan layihələr regionun simasını sürətlə dəyişir. Bu dəyişikliyin əsas ünvanlarından biri də Ağdam Sənaye Parkıdır.

AZƏRTAC xəbər verir ki, 190 hektardan artıq ərazini əhatə edən sənaye zonasında artıq böyük istehsal prosesi formalaşıb. Rezidentlərinin sayına görə ölkənin ikinci ən böyük sənaye parkı olan bu məkanda 30 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 149,67 milyon manat investisiya yatırılıb, 13 müəssisə fəaliyyətə başlayıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb.

Yaradılan sənaye müəssisələri təkcə iqtisadi dirçəlişə deyil, həm də gənclərin məşğulluğuna və peşəkar inkişafına yeni imkanlar açır. Sənaye Parkında çalışan gənclər öz gələcəklərini məhz burada qururlar.

Ağdam Sənaye Parkındakı digər müəssisələrdə olduğu kimi, “Eel Electric” MMC-də də gənc kadrlar üçün geniş imkanlar yaradılıb. İstehsalat rəisi Aslan Məmmədovun sözlərinə görə, 2024-cü ildən fəaliyyət göstərən müəssisədə müasir texnologiyalar tətbiq edilməklə müxtəlif gücə malik paylayıcı qurğular, eləcə də orta və aşağı gərginlikli elektrik avadanlıqları istehsal olunur. 70 nəfərə yaxın əməkdaşın çalışdığı zavodda əsas yük məhz gənc mütəxəssislərin üzərinə düşür. Onlar burada həm işləyir, həm də peşəkar bacarıqlarını inkişaf etdirirlər.

Gənclər üçün yaradılan bu mühit onların karyera yolunda da mühüm rol oynayır. Sumqayıt Dövlət Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan Tohid Əliyevin “Eel Electric” MMC-də qısa müddətdə qazandığı uğur bunun real nümunəsidir.

“Elektrik-montajçı köməkçisi kimi fəaliyyətə başlamışdım, işimdə uğur qazanıb irəli çəkildim və bundan da artıq uğur əldə etmək istəyirəm. Hazırda elektrik-montaj sex rəisi kimi fəaliyyət göstərirəm. Əsas işim elektrik montajçılara və elektrik montaj köməkçilərinə nəzarət etməkdir”, - deyən T.Əliyev işğaldan azad edilmiş torpaqlarda çalışmağın onun üçün xüsusi qürur mənbəyi olduğunu bildirir və gəncləri də bu bölgələrdə fəaliyyət göstərməyə çağırır.

Digər gənc mühəndis Elvin Məhizadə isə bu mühitin ona qazandırdığı imkanlardan danışır. Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavr və magistr təhsili alan gənc mütəxəssis hazırda konstruktor-mühəndis kimi çalışır. Zavodda layihə-sxemlərinin hazırlanması ilə məşğul olan Elvin bildirib ki, burada işləmək onun üçün həm peşəkar inkişaf, həm də gələcəyə atılan mühüm addımdır: “Layihə-sxemlərini kompüterdə müxtəlif proqramlarda işləyirik və istehsalata təqdim edirik. Burada işləməyin üstünlüyü onun perspektivli olmasıdır. Təhsilimi bitirən kimi belə bir iş imkanının olması mənim üçün böyük üstünlükdür. Eyni zamanda, yeni texnologiyaları, proqramları öyrənirəm. Bu da gələcəkdə daha böyük hədəflərə çatmağıma imkan yaradır”.

Bir sözlə, Ağdam Sənaye Parkında yaradılan şərait gənclərin həm məşğulluğuna, həm də peşəkar inkişafına real imkanlar açır. Regionun sənaye mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar gənc kadrların potensialı ilə vəhdət təşkil edərək Böyük Qayıdışın dayanıqlı və parlaq gələcəyinə möhkəm zəmin yaradır.

Seçilən
24
2
azerbaijan-news.az

3Mənbələr