AZ

Azərbaycan bu beynəlxalq festivalda ilk dəfə təmsil olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi, LuxAz Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Lüksemburqda hər il keçirilən və ölkənin ən böyük multikultural tədbirlərindən biri hesab olunan “Miqrasiyalar, Mədəniyyətlər və Vətəndaşlıq Festivalı”nın 43-cü buraxılışında ilk dəfə olaraq Azərbaycan stendi təşkil edilib.

Hafta.az xəbər verir ki, CLAE (Xarici Assosiasiyaların Əlaqələndirmə Komitəsi) tərəfindən təşkil olunan festival iki gün ərzində Luxexpo sərgi mərkəzində keçirilib və 400-dən çox stend müxtəlif ölkələrin mədəniyyətini, mətbəxini və ictimai fəaliyyətlərini təqdim edib. Tədbir müxtəlif icmalar arasında dialoqun gücləndirilməsi, inteqrasiya və mədəni müxtəlifliyin təşviqi məqsədi daşıyır.

Azərbaycan stendi vasitəsilə ziyarətçilərə ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və ənənələri təqdim edilib.

Bir sıra rəsmi şəxslər festival çərçivəsində Azərbaycan stendini ziyarət edib. Stendə Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettel və Lüksemburqun Ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə naziri Max Hahn baş çəkərək təqdim olunan mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

LuxAz nümayəndələri bildiriblər ki, bu iştirak Azərbaycan mədəniyyətinin Lüksemburqda tanıdılması və müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Stendin rəhbərləri Sevinc Ömərli və Seymur Əhmədov qeyd ediblər ki, bu kimi beynəlxalq tədbirlərdə iştirak gələcəkdə də davam etdiriləcək və Azərbaycanın zəngin mədəniyyəti daha geniş auditoriyaya təqdim olunacaq./azertag/

Seçilən
0
3
hafta.az

4Mənbələr