AZ

Ayıbına kor olmayan sədrin yalançı bəraəti - VİDEO

AFFA Misli Premyer Liqasının 25-ci turunda baş tutan “Kəpəz”-“Qarabağ” oyununda (1:0) mübahisəli penalti epizodu ilə bağlı həmin matçın hakimlərinin səs yazısını yayıb.

Matçda “Qarabağ”ın hücumçusu Kamilo Durana qarşı qayda pozuntusu olduğu ilə bağlı narazılıqlar var idi.

Belə ki, həmin oyundan sonra Qurban Qurbanov da hakimlərin VAR-a baxdığı və penalti təyin etmədiyi epizodla bağlı danışıb.

O, bu epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirib və jurnalistin “AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, adətən, hakimlərin qərarını təsdiqləyir” sözünə cavabında «təsdiqləyəcək, ona görə də çox da üzərinə getmək lazım deyil» cavabı verdi.

Dünən gecə Hakimlər Komitəsi həmin epizodda hakimlərin niyə penalti təyin etmədikləri ilə bağlı danışıqlarını yayıb. Səs yazısına qulaq asdım. VAR otağında əyləşənlərin söylədikləri qarışıq gəldi mənə.

Yaxşı olardı ki, Rəhim Həsənovun özü bununla bağlı danışardı və mövqeyini ortaya qoyardı. Əgər videoda səsləndirilən rəy onun baxışıdırsa, day heç zad!

Görüntülər «Kəpəz»in yarımmüdafiəçisi Şakir Seyidovun topa toxuşunu göstərmir. Onun reaksiyasından bəlli olur ki, sağ ayağı boşa çıxır və kolumbiyalı legionerin ayağını tapdalayır.

Özü də kadrın bu qədər yavaşıldılşmış formada təqdim edilməsi şübhəyə yol açır.

Rəhim Həsənov nədən belə ciddi-cəhdlə hakimlərin yanlışını ört-basdır etməyə cəhd göstərir?

Hə, bu səhvi Əliyar Ağayevin olsaydı, o, yəqin ki, danışardı, daha səs və ya kadr arxasında gizlənməzdi. Çünki sədr FİFA referisinə paxıllıqla yanaşması barədə çoxdan ictimaiyyətdə fikir formalaşdırıb.

Rəhim Həsənov göydən zənbillə düşməyib. O, komitə sədrliyinə kim(lər)in təqdimatı və dəsətyi ilə gətirilib, bilirəm. Həmin şəxs(lər)in «Qarabağ»a əsl münasibəti də bəndənizə məlumdur.

Mümkün deyil ki, Həsənov onların istəklərini bir kənara qoyub, ədalətin tərəfini tutsun.

«X» bir komanda bu halla üzləşsə, sədr bəlkə də haqq nədirsə, onu dilə gətirməkdən bu qədər çəkinməz, amma söhbət «Qarabağ»dan gedirsə…

Get, özünü ələ sal, Rəhim Həsənov! Hakimləri cəzalandırmağa cəsarətin çatmırsa, bu video-yalanlarını da yığışdır.

Ayıbdır, gözə kü üfürmə, kənardan çox pis görünür.

MUSA

Seçilən
34
sportinfo.az

1Mənbələr