AZ

Ölkədə uşaq sayının kəskin azalmasının daha bir SƏBƏBİ

"Azərbaycanda doğulan uşaqlarının sayının kəskin azalmasını sübut edən daha bir rəsmi məlumat var. 

2025-ci il ərzində ABŞ-dən Azərbaycana fiziki şəxslər 100 milyon 718 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 55 % çoxdur. Hə, indi bu cümləni bir də oxuyub sual verəcəksiniz ki, nə əlaqəsi?! 

Deyim də, uşaq doğuşunun azalması təkcə ölkədəki iqtisadi, sosial vəziyyətlə, ailələrin gələcəyə ümidsiz olması, mənzil, iş, qazanc problemləri, “uşaq pulu” məsələsi ilə bağlı deyil. Sadaladıqlarm, təbii ki, ciddi təsir edir, amma, həm də gənclərin, dünyaya uşaq gətirmək üçün ən optimal yaşda olan insanların ölkədən kütləvi köçməsi də demoqrafik vəziyyətin pisləşməsinə ciddi təsir göstərir”. 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

İqtisadçı qeyd edib ki, gənclər perspektiv görmürlər, kütləvi şəkildə ölkədən Avropaya, ABŞ-yə köçür, orta pul qazanıb Azərbaycandakı ailələrinə, yaxınlarına göndərirlər: 

"Rusiyanın iqtisadi anlamda qapısının bağlanmasına, siyasi anlamda gələcəyinin qaranlıq olması, miqrantlara qarşı vəhşi davranışları, son illərdə böyüyən gənclərin ingilis dilinə olan həvəsi, ölkədən köç marşrutunu kəskin dəyişib, ABŞ, Avropa, Türkiyə önə çıxıb. 

Azərbaycandan valyuta çıxışı hər üsulla məhdudlaşdırılır, maneələr yaradılır, quru sərhədləri bağlıdır, guya valyutaya qənaət edilir, bu da iqtisadi aktivliyi daha da zəiflədir. 

Amma anlamaq istəmirlər ki, ölkədən 20-30 yaş arası köçən hər bir gənc dövlətin və valideynlərin ona xərclədiyi (təhsilinə, sağlamlığına) onminlərlə dollar vəsaiti öz beynində, bədənində özü ilə birgə ölkədən “aparır”, başqa xalqların rifahı üçün “xərcləyir”, çoxusu orda ailə qurur, dünyaya uşaq gətirir”. 

Ekspert deyib ki, gənclərə ümid vermək, gələcəyə inam aşılamaq lazımdır:

“Bunun üçün isə hər növ, əsas da, iqtisadi azadlıqların genişlənməsinə acil ehtiyac var". 

Seçilən
7
2
cebheinfo.az

4Mənbələr