2025-cı ilin yanvar ayında Azərbaycan xaricdən 178,32 min dollar dəyərində 1550 baş diri qoyun idxal edib.
Ekologiya.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qoyunların 400 başı Rusiyadan, 1150 başı isə Gürcüstandan alınıb.
Ötən ilin eyni ayı ilə müqayisədə diri qoyun idxalı dəyər baxımından 2 dəfədən çox, miqdar baxımından isə 2,3 dəfədən çox azalıb.
Xatırladaq ki, 2025-ci ilin yanvarında xaricdən 368,33 min dollar dəyərində 3665 baş qoyun alınmışdı. Bunun 920 başı Gürcüstandan, 2745 başı isə Rusiyadan gətirilmişdi.
Bir il ərzində bir qoyunun idxal qiyməti 100,4 dollardan 115 dollara qədər artıb.
Qeyd edək ki, ötən il xaricdən rekord sayda diri qoyun idxalı həyata keçirilib. Bu idxal 33 milyon 52 min dollar dəyərlə 306 min 591 baş diri qoyuna bərabər. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 milyon 965 min dollar və ya 82,7 faiz, say baxımından isə 124 min 768 baş və ya 68,6 faiz çox idi.
Yanvarda idxalın azalması ötən ildən gətirilən qoyunların çox hissəsinin kəsimə verilməməsi ilə izah oluna bilər. Belə ki, qiymətlərdəki sürətli artım fonunda əhalinin qoyun əti alışları kəskin azalıb.
Eyni zamanda xaricdən qoyun əti idxalında kəskin artım müşahidə olunur. Xarici ticarət statistikasından aydın olur ki, yanvarda xaricdən quzu və qoyun əti idxalı 453,18 min dollar dəyərlə 111,97 ton təşkil edib. Bu, ötən ilin eyni dövrünə nəzərən dəyər baxımından 63,7 faiz, miqdar baxımından isə 60,3 faiz çoxdur.
Ötən ilin yanvarında 276,86 min dollar dəyərində 69,85 ton quzu və qoyun əti idxalı qeydə alınmışdı.