AZ

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! – Kəskin bahalaşır

Azərbaycanın avtomobil bazarında, xüsusilə işlənmiş hibrid nəqliyyat vasitələrinin qiymətində kəskin və diqqətçəkən artım müşahidə olunmağa başlayıb.

Avtomobil elanları saytlarında aparılan müşahidələr göstərir ki, əvvəllər 7-8 min manat civarında təklif olunan Yaponiya istehsalı olan köhnə hibrid avtomobillərin qiyməti hazırda 12 min manatı ötüb.

Bu artımın kökündə duran əsas səbəblərdən biri ekoloji təmiz avtomobillərə tətbiq edilən bəzi güzəştlərin ləğv olunması və bazarın yeni tənzimləmə mexanizmlərinə uyğunlaşmasıdır.

Ötən il bu avtomobillərin qiymətində baş verən ani enməni nəzərə alsaq, hazırkı vəziyyəti sadəcə qiymət artımı deyil, qiymətlərin öz real dəyərinə, yəni “yerinə qayıtması” kimi də xarakterizə etmək mümkündür. Maraqlı məqam ondan ibarətdir ki, hibrid avtomobillərə olan yüksək tələb artıq ənənəvi taksi fəaliyyəti ilə deyil, sürətlə inkişaf edən kuryer xidmətləri və özəl şirkətlərin daxili logistika ehtiyacları ilə bağlıdır. Ekonomik yanacaq sərfiyyatı bu avtomobilləri biznes strukturları üçün yenidən cəlbedici hala gətirib ki, bu da təklifin tələbi qarşılaya bilməməsi nəticəsində qiymətlərin yuxarıya doğru sıçrayışına rəvac verib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, bu bahalaşma həm iqtisadi, həm də infrastruktur dəyişikliklərinin qaçılmaz nəticəsidir:

“İşlənmiş hibrid avtomobillərin, xüsusilə də aşağı büdcəli seqmentin bu qədər bahalaşması bir neçə faktorun vəhdətindən xəbər verir.

Birincisi, ölkənin avtomobil parkının yenilənməsi siyasəti çərçivəsində tətbiq olunan vergi və rüsum dəyişiklikləri köhnə model hibridlərin idxal xərclərini artırıb, bu da daxili bazarda mövcud olan maşınların qiymətini birbaşa ‘vurub’.

İkincisi, taksi fəaliyyətinə dair tətbiq edilən yeni qaydalar və yaş məhdudiyyətləri bir çox sürücünü bu sahədən uzaqlaşdırsa da, kuryer xidmətləri və qida çatdırılması sektorundakı partlayış həmin boşluğu doldurub.

Kuryer şirkətləri üçün yanacaq xərci ən böyük xərc maddəsidir və buna görə də onlar hələ də 12-15 min manatlıq hibridləri ən səmərəli investisiya hesab edirlər. Bazarın qiymətin yerinə qayıtması kimi təqdim edilən bu hərəkətliliyi əslində aşağı seqmentli avtomobil bazarında ciddi bir qıtlıqdan xəbər verir. Alıcılar artıq 7-8 min manata etibarlı avtomobil tapmağın mümkün olmadığını anlayırlar. Düşünürəm ki, bu artım hələ bir müddət də davam edəcək, çünki alternativ energetika ilə işləyən yeni avtomobillərin qiyməti hələ də kütləvi alıcı üçün əlçatan deyil. Bu vəziyyət həm də vətəndaşların büdcəsinə uyğun yeni nəsil kredit və lizinq şərtlərinin işlənilməsini zəruri edir, əks halda işlənmiş və köhnəlmiş texnologiyalı avtomobillərin qiyməti süni şəkildə şişməyə davam edəcək”.

Tunar
NOCOMMENT.az

Seçilən
25
nocomment.az

1Mənbələr