Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “Dirçəliş” Gənclərin Sosial və Psixoloji Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında “Mədəni diplomatiya üçün incəsənət, Azərbaycan-Şərq və Qərbin qovuşduğu məkan” adlı gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgisi açılıb.
AZƏRTAC-ın məlumatına görə, tədbir BMT Baş Assambleyasının 23 fevral 2010-cu il tarixli qətnaməsi ilə təsis edilmiş Beynəlxalq Novruz Günü münasibətilə təşkil olunub. Açılışda BMT-də fəaliyyət göstərən nümayəndəliklərin təmsilçiləri, diplomatlar və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev çıxışında Novruz bayramının Azərbaycan xalqı və mədəni irsi üçün əhəmiyyətini vurğulayıb. “Novruz sülh, qarşılıqlı anlaşma və mədəni müxtəliflik dəyərlərinə dərin köklərlə bağlı bir bayramdır. Bu bayram həm də mədəniyyətin xalqlar arasında birlik və dialoqun təşviqindəki rolunu güclü şəkildə xatırladır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Baş Assambleyanın Novruz bayramının beynəlxalq gün kimi tanınması ilə bağlı qətnaməsinin konsensusla qəbul edilməsi təşəbbüsünü irəli sürüb və ona rəhbərlik edib”,- deyə Tofiq Musayev qeyd edib.
Daha sonra çıxış edən BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanın namizədi Fərid Adilov komitənin gələcək işi ilə bağlı öz baxışlarını təqdim edib. O, bununla bağlı BMT-də ikitərəfli görüşlər keçirdiyini və digər dövlət nümayəndələri ilə müzakirələr apardığını bildirib.
Sərgidə 18 rəssama məxsus Novruz bayramı və Azərbaycan mədəniyyəti mövzularında 34 rəsm əsəri nümayiş olunur.
Sərgi martın 27-nə qədər fəaliyyət göstərəcək.