AZ

Dövlət evsizlik poblemini niyə həll etmir: “Ziya Bünyadov və Heydər Əliyev prospektləri arasında...”

Bu ilin yanvar ayında Azərbaycanda inşaat işlərinin 92,2 %-ni qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirib. 

Dövlət Statistika Komitəsinə məlumatına görə, hesabat ayında görülən ümumi işlərin 73,1 %-ni inşa, yenidənqurma və bərpa, 11,2 %-ni əsaslı təmir, 9,5 %-ni cari təmir, 6,2 %-ni isə sair tikinti işləri təşkil edib. Bu rəqəmlər göstərir ki, tikinti sektorunda əsas yük özəl şirkətlərin üzərinə düşür. 

Bir sıra ölkələrdə bu problemin həlli üçün yalnız mərkəzi hökumət deyil, həm də bələdiyyələr və yerli idarəetmə qurumları sosial mənzil proqramlarının həyata keçirilməsinə cəlb edilir. Bu təcrübə yerli səviyyədə torpaq resurslarının və infrastruktur imkanlarının daha səmərəli istifadəsinə şərait yaradır. 

Dövlət niyə sosial ev layihələrinin həcmini daha çox artırmır?

 Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, dövlət tikinti layihələrinin böyük əksəriyyəti tender yolu ilə icra olunur: 

"Azərbaycanda daşınmaz əmlak sektorunda dövlət layihələrinin həyata keçirilməsi nisbətən məhdud səviyyədədir və bunun bir sıra obyektiv səbəbləri mövcuddur. İlk növbədə, dövlətin tikinti sahəsində geniş ştatlı idarəetmə strukturu saxlaması iqtisadi baxımdan hər zaman səmərəli hesab edilmir. 

Çünki dövlət tərəfindən davamlı olaraq müxtəlif tikinti işləri həyata keçirilsə də, bu işlərin birbaşa dövlət qurumları tərəfindən icrası əvəzinə tender mexanizmi vasitəsilə özəl sektora ötürülməsi daha məqsədəuyğun sayılır.

Məhz bu səbəbdən dövlət tikinti layihələrinin böyük əksəriyyəti tender yolu ilə icra olunur. İlkin olaraq layihələrin dəyəri müəyyən edilir, smeta hazırlanır və bundan sonra layihələrin icrası həyata keçirilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, tikintinin özü deyil, layihələndirmə işlərinin dövlət səviyyəsində təşkili daha asan başa gəlir. 

Çünki ölkədə kifayət qədər layihə institutları fəaliyyət göstərir. Hazırda xüsusilə Qarabağ iqtisadi zonasında tikinti işlərinin böyük hissəsi özəl təşkilatlar tərəfindən həyata keçirilir və bu sahədə onların payı 90 % çoxdur. Ümumilikdə ölkədə tikinti sektorunda əsas icraçı qüvvə dövlət qurumları deyil, məhz özəl şirkətlərdir. 

Bununla belə, dövlətin bu sahədə kifayət qədər potensialının olduğu da hiss olunur. Böyük həcmdə layihələrin icrası davam edir və bu, ümumi aktivliyin yüksək olduğunu göstərir. Məsələn, MİDA kimi layihələr dövlətin bu sahədə iştirakını nümayiş etdirən nümunələrdəndir". 

Onun sözlərinə görə,  ölkədə istifadə olunmayan, passiv vəziyyətdə qalan xeyli torpaq sahələri var: "Bu torpaqların bir hissəsi dövlət balansındadır və uzun illərdir istifadə olunmur. Məsələn, Dövlət Neft Fondunun nəzdində olan bəzi torpaq sahələrində qanunsuz şəkildə fərdi yaşayış evləri inşa edilib və bu məsələ uzun müddətdir mübahisəli olaraq qalır. 

Belə hallarda həmin ərazilərin qanunsuz tikili kimi tanınması və vətəndaşların həmin torpaqları özəlləşdirməsinə şərait yaradılması dövlət üçün əlavə gəlir mənbəyinə çevrilə bilər. Xüsusilə daşınmaz əmlak bazarında qiymətlərin yüksək olduğu indiki şəraitdə bu istiqamətdə addımların atılması iqtisadi baxımdan müsbət nəticələr verə bilər. 

Bununla yanaşı, boş torpaq sahələrinin səmərəli istifadəsinə dair müsbət nümunələr də mövcuddur. Məsələn, əvvəllər istifadəsiz qalmış ərazilərdən birində hazırda "Sea Breeze" lahiyəsi çərçivəsində otel kompleksi inşa olunur. 

Layihə çərçivəsində sahibkar tərəfindən konsepsiya hazırlanıb, ərazi həm fərdi şəkildə inkişaf etdirilir, həm də torpaq sahələrinin bir hissəsi tikinti şirkətlərinə təqdim olunur. Nəticədə əvvəllər cəmi 1 km ərazini əhatə edən sahənin yaxın illərdə 23 km-ə qədər genişlənməsi və bunun turizm infrastrukturu üçün ciddi baza yaratması gözlənilir". 

Ekspert qeyd edib ki, digər tərəfdən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dövlət ehtiyatında olan əmlaklardan istifadə ilə bağlı müddəalar mövcuddur: 

"Bu əmlakların sosial həssas təbəqələrin istifadəsinə verilməsi nəzərdə tutulsa da, praktikada bu imkanlardan geniş istifadə olunmadığı müşahidə edilir. Halbuki qanunvericiliyə əsasən belə yaşayış sahələri vətəndaşların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmalıdır. 

Problemin digər tərəfi isə idarəetmə mexanizmləri ilə bağlıdır. Hazırda müxtəlif dövlət qurumları öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir və onların balansında xeyli sayda istifadə olunmayan əmlak və torpaq sahələri mövcuddur. 

Bu ərazilərin uzun müddət passiv qalması onların iqtisadi dövriyyəyə cəlb olunmamasına səbəb olur. Paytaxt Bakı şəhərində də bu kimi hallar geniş yayılıb. Xüsusilə sənaye zonaları kimi istifadə olunan bəzi ərazilərdə artıq fəaliyyətini itirmiş və ya köhnəlmiş müəssisələr mövcuddur. 

Məsələn, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti arasında yerləşən geniş ərazilərdə bu tip obyektlər qalmaqdadır. Bu sahələrin yenidən planlaşdırılması, köhnə tikililərin ləğvi və müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə inkişaf etdirilməsi zəruridir. Ümumilikdə, daşınmaz əmlak bazarında tələbatı əsasən bazar özü müəyyən edir. 

Baxmayaraq ki, Bakı şəhərinin baş planı mövcuddur və bu plan peşəkar memarlar tərəfindən hazırlanıb, real tələbatın düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Bu baxımdan, ölkədə passiv daşınmaz əmlakların təhlilini aparan ayrıca institutun və ya qurumun yaradılmasına ehtiyac var. Belə bir qurum bazardakı tələbatı araşdıraraq dövlətə təkliflər verə və daha effektiv qərarların qəbuluna töhfə verə bilər". 

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr