Enerji infrastrukturu ətrafında aşınma müharibəsinə keçid uzunmüddətli bataqlıq riski yaradır...
Müəllif: Əli Haşem, Yaxın Şərq üzrə tədqiqatçı, jurnalist
Foreign Policy nəşri, ABŞ
İranın paytaxtında yerləşən binalardan birində xarici işlər naziri Abbas Əraqçi, görünür, münaqişədən çıxış yolu axtarmırdı. Əksinə, o, ölkəni münaqişənin davamına hazırlayırdı. Gün işığında şəhər artıq hava hücumlarının qarşısının alınması və nümayişkaranə səfərbərlik ritminə uyğunlaşmışdı. Kişilər və qadınlar, bəziləri kəfən geyimində, əllərində bayraqlar və öldürülmüş ali lider Əli Xameneinin şəkilləri ilə küçələrə toplaşırdı. Hava hücumundan müdafiə sistemləri işləyəndə küçələrdən “Allahu əkbər” səsləri yüksəlirdi. Atmosfer artıq şoka alışmış bir sistemin mənzərəsini əks etdirirdi.
Lakin bu, mənzərənin yalnız bir hissəsidir. Digər tərəfdə müharibə ilə və ya müharibəsiz gələcəyin qeyri-müəyyənliyinin ağırlığını hiss edənlər də var.
Bundan bir neçə saat əvvəl İranın təhlükəsizlik xidmətinin rəhbəri Əli Laricaninin öldürülməsi ilə bağlı xəbərlər geniş yayılmağa başlamışdı. Bu məlumat İsrail tərəfindən təsdiqlənsə də, Tehran tərəfindən hələ rəsmi şəkildə qəbul olunmamışdı. Buna baxmayaraq, dövlət mexanizmi görünən heç bir pozuntu göstərmirdi. Diqqət tez bir zamanda xəbərin özündən Əraqçinin müsahibəsinin baş tutub-tutmayacağı sualına yönəldi.
Müsahibə baş tutdu. Görüşə telefon və çəkiliş avadanlığı olmadan aparıldım. Nazirliyin komandası prosesi tam nəzarətdə saxlayırdı. Giriş yalnız onların şərtləri ilə verildi.
“İslam Respublikası möhkəm strukturdan ibarətdir. Ayrı-ayrı şəxslərin mövcudluğu və ya yoxluğu bu sistemi dəyişmir”, deyə Əraqçi bildirdi
Bu, sadəcə ritorik bəyanat deyil, bütöv bir doktrinanın ifadəsi idi. Məhz burada strateji yanaşmalar arasında əsas fərq ortaya çıxır. ABŞ və İsrail tanış məntiqə əsaslanır: davamlı zərbələr, rəhbərliyin “başsızlaşdırılması” və infrastruktura təzyiq sürətli siyasi çökməyə gətirməlidir. İran isə əksinə, uzunmüddətli müharibəyə hazır olduğunu nümayiş etdirir.
Risk yalnız eskalasiya deyil, həm də uzunmüddətli səhv hesablamalardır. Burada ərazi və ya işğal baxımından yox, inkişaf trayektoriyası baxımındanUkrayna ilə müqayisə uyğun görünür. 2022-ci ilin fevralında Rusiya Ukraynaya sürətli qələbə ümidi ilə hücum etmişdi. Lakin o, ilk zərbəni dəf edə bilən, uzunmüddətli təzyiqə uyğunlaşan və münaqişəni gözləniləndən xeyli uzun müddətə uzadan bir dövlətlə qarşılaşdı. Nəticədə yalnız ağır hərbi toqquşmalar deyil, həm də qlobal iqtisadi sarsıntılar baş verdi, xüsusilə enerji bazarlarında. Oxşar dinamika indi Yaxın Şərqdə də formalaşa bilər.
İran rəhbərliyi, görünür, öz sisteminin struktur baxımından zərbələrə davam gətirə biləcəyinə inanır. Əraqçi bunu açıq şəkildə ifadə etdi: onun sözlərinə görə, hətta ali liderin itkisi belə dövlətin fəaliyyətini pozmayacaq.
Hədəfli likvidasiya kampaniyası bu yanaşmanın həm imkanlarını, həm də məhdudiyyətlərini göstərir. İsrail və ABŞ zərbələri İran təhlükəsizlik strukturlarının bir sıra yüksək vəzifəli nümayəndələrini aradan qaldırıb. Bu şəxslər məhz belə hücumların qarşısını almağa cavabdeh idilər. Onların öldürülməsi ciddi simvolik zərbədir.
Lakin simvolizm ilə sistemin real fəaliyyəti eyni şey deyil. İran sistemi paralel institutlar, üst-üstə düşən idarəetmə zəncirləri və ehtiyat mexanizmlər üzərində qurulub. Hakimiyyət bölüşdürülür, təkrarlanır və zərurət yaranarsa sürətlə yenidən paylanır. Ayrı-ayrı fiqurların aradan qaldırılması, hətta yüksək səviyyədə olsa belə, sistemi iflic etmir. Bəzi hallarda isə bu, əksinə, daxili birliyi gücləndirə bilər.
Əraqçi bunu açıq şəkildə etiraf edir: “Hər kəs hədəf ola bilər... lakin biz möhkəm dayanırıq.”
Bu, sadəcə müqavimət nümayişi deyil, bu, dözümlülük doktrinasıdır. İtkiləri əvvəlcədən nəzərə alan sistemi məcbur etmək daha çətindir.
Bu isə ABŞ və İsrail strategiyası üçün ciddi nəticələr yaradır. Əgər hesablamalar rəhbərliyin aradan qaldırılması və davamlı təzyiqin güzəştlərə gətirib çıxaracağına əsaslanırsa, əks ssenari də nəzərə alınmalıdır: bu addımlar müharibəni daha da uzada bilər.
Eyni zamanda münaqişənin strukturu onun məhdudlaşdırılmasını çətinləşdirir. İran bildirir ki, müharibə artıq regional xarakter alıb və coğrafi baxımdan məhdudlaşdırıla bilməz. ABŞ regiondakı bazalar vasitəsilə fəaliyyət göstərir. İran isə ABŞ ərazisinə deyil, yalnız regiondakı obyektlərə zərbə endirə bilir.
“Biz müharibəni genişləndirməmişik… bu, onun təbiətidir”, deyə Əraqçi qeyd edib.
Coğrafiya isə aydındır. ABŞ-nin hərbi infrastrukturu region boyunca yayılıb və çox vaxt mülki obyektlərin yaxınlığında yerləşir. Zərbələr artdıqca hərbi və iqtisadi hədəflər arasındakı fərq getdikcə azalır.
Enerji artıq münaqişənin bir hissəsinə çevrilib. Cənubi Pars yatağına hücumlar döyüş sahəsinin genişləndiyini göstərir. İranın Körfəz ölkələrinin infrastrukturuna cavab zərbələri isə riskləri artırır. Hörmüz boğazı əsas zəif nöqtə olaraq qalır.
Dünya neftinin təxminən beşdə biri və böyük həcmdə mayeləşdirilmiş qaz bu boğazdan keçir. Hətta kiçik pozuntular belə qlobal təsir yaradır: qiymətlər artır, sığorta xərcləri yüksəlir və marşrutlar dəyişdirilir.
Təsir regiondan kənara çıxır. Avropanın enerji təchizatı risk altına düşür, Asiya ölkələri LNG uğrunda rəqabəti artırır, Rusiya alternativ təchizatçı kimi yenidən ön plana çıxır. Enerji artıq sadəcə resurs deyil, siyasi alətə çevrilib.
Məhz burada Ukrayna ilə müqayisə daha aydın olur. Həmin müharibə yalnız regional deyil, qlobal iqtisadi hadisəyə çevrildi. İran ətrafında uzunmüddətli müharibə də eyni istiqamətdə inkişaf edə bilər.
“Biz atəşkəsə inanmırıq. Biz müharibənin tam bitməsinə inanırıq… bütün cəbhələrdə”, deyə Əraqçi müharibənin necə başa çatmalı olduğu barədə də aydın danışdı.
Bu, tam fərqli yanaşmadır. Atəşkəs müvəqqəti fasilədir. İran isə kompleks və geniş miqyaslı həll tələb edir.
Bu isə münaqişəni İran sərhədlərindən kənara çıxarır, müharibə İraq, Livan, Yəmən və digər regionları əhatə edir. Müharibənin bitməsi üçün bütün bu cəbhələrdə paralel sabitlik lazımdır.
Bu isə diplomatik çıxışı xeyli çətinləşdirir. Artıq sadə ikitərəfli razılaşmalar kifayət deyil. Münaqişə uzandıqca onun həlli daha da mürəkkəbləşir.
Bu dinamika Ukraynanı xatırladır, yəni zaman keçdikcə qələbə anlayışı genişlənir, kompromis imkanları azalır.
Müharibənin uzunmüddətli olacağına zəmanət yoxdur. Lakin bunun üçün bütün şərtlər mövcuddur: sürətli qələbə gözləntisi, dözümlülük doktrinası, genişlənən döyüş sahəsi və qlobal təsirlər.
Tehrandan gələn siqnal aydındır: bu, çökmək üzrə olan sistem deyil, zərbələrə hazırlaşan sistemdir.
Əsas risk isə eskalasiya deyil, münaqişənin sabitləşməsi və uzanmasıdır. Bu, sürətli qələbəsi olmayan, siyasi nəticəsi qeyri-müəyyən və iqtisadi təsirləri qlobal olan müharibədir.
Bu münaqişə Ukraynanın tam təkrarı olmayacaq. Lakin onun əsas xüsusiyyətini, sürətli müharibə gözləntisindən uzunmüddətli reallığa keçidi təkrarlaya bilər.
Ekspert Məhəmməd Əli Şabaninin qeyd etdiyi kimi, əsas sual artıq kimin daha güclü zərbə vuracağı deyil, kimin daha uzun dözəcəyidir və qlobal sistemin bu yükə nə qədər tab gətirəcəyidir.
Ən böyük risk də məhz budur: Böyük müharibə yox, uzun müharibə...
Poliqon.info