7 avqust 1976-cı ildə Finlandiya körfəzinin sahilində, Letipea kəndi (Rakvere rayonu) yaxınlığında Estoniyanın qaz sənayesi işçilərinin ailələrinin qurultayı başlayıb. Qaz işçiləri arasında sevimli olan iki-üç günlük tədbir ənənə halını almışdı - 1970-ci ildən bəri respublikanın müxtəlif rayonlarında uğurla keçirilirdi. Bu dəfə onlar toplantını Rakvere yol milisinə məxsus istirahət mərkəzində keçirmək qərarına gəliblər. Mərkəz Finlandiya ilə dəniz sərhədinə yaxın yerdə, sovet sərhəd zastavasından 1.5 kilometr aralıda yerləşirdi. Buna görə də təşkilatçılar tədbirin vaxtını və digər detallarını sovet sərhəd xidməti ilə razılaşdırıblar və rayon icra komitəsinin rəhbərindən icazə alıblar.
Nəzarət çox sərt olub. Bazaya tətilə gedənlər siyahıya alınıb, Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verilib. Bayram olduğu üçün ərazidə mütləq iki sərhədçi növbətçi olub. Tədbir üçün geniş bir ərazi ayrılıb və istirahət edənlərə oradan çıxmaq qadağan edilib. Sahildə yalnız bir yerdə üzməyə icazə verilib. 344 turistin əksəriyyəti düşərgəyə gəlib çadırlarını 6 avqust 1976-cı il axşamı qurub, qalanları isə ertəsi gün səhər gəliblər.
![]()
7 avqust düşərgə günü əsas binanın yaxınlığında təşkil olunmuş tədbirin rəsmi hissəsi ilə başlayıb. Turistlər rəhbərliyin təlimatlarını dinlədikdən sonra əraziyə dağılıblar və onlar üçün müxtəlif tədbirlər təşkil edilib. Axşam saatlarında qaz işçiləri tonqal qalayıblar və sadə düşərgə qəlyanaltıları ilə süfrələri açıblar. İstirahət mərkəzinin ərazisində spirtli içkilər də satılıb - satış sənədlərinə görə, toplantıdan əvvəl yerli mağazaya 820 şüşə araq, 160 şüşə konyak və likör, 776 şüşə şərab və 1740 şüşə pivə çatdırılıb.
Əyləncənin qızğın çağında tətilçilər iki sərhədçinin - VI sərhəd dəstəsinin III zastavasından sıravi əsgərləri Viktor Bağıjev və Nikolay Povışevin onlara yaxınlaşdığını görüblər. Tatarıstanda anadan olan 20 yaşlı Bağıjev və onun Permdən olan yaşıdı Povışev dost olublar: onlar birlikdə xidmətə 1974-cü ildə başlayıblar və 1976-cı ildə tərxis olunmalı imişlər.
Sonradan məlum olub ki, eston turistlərə hücum edən sərhədçilər artıq bir neçə günmüş ki, içkiyə qurşanıblar. Avqustun 3-də dostlarından biri qohumlarından külli miqdarda pul köçürməsi alıb və bu pulu tamamilə araq və “Vana Tallinn” likörünə xərcləyiblər. 7 avqust səhəri növbəyə gəldikdən sonra sıravi əsgərlər içki içməyə davam ediblər və demək olar ki, bütün günü düşərgənin yanındakı kartof tarlasında yatıblar.
![]()
DTK-nın versiyasına görə, guya sərhədçilər turistlər tərəfindən bir neçə dəfə qovulub. Daha bir imtinadan sonra Bağıjev və Povışev qaz işçilərini “Kalaşnikov” avtomatı ilə hədələyiblər. Lakin ifadələrin yer aldığı və reallığı əks etdirən başqa bir versiya da var. Turistlər əvvəlcə sıravi əsgərləri qonaqpərvərliklə qarşılayıblar, onları masada əyləşdiriblər və onlara yemək və içki təklif ediblər.
Gecə yarısı tamamilə sərxoş olan əsgərlər evli qadınları təqib etməyə, onlarla kobud zarafatlar etməyə başlayıblar. Eston qadınların ərləri əvvəlcə sərhədçilərlə danışmağa çalışıblar, amma onlar tərbiyəsiz hərəkətlərindən əl çəkməyiblər. Buna etiraz edən Anatoli Varkki avtomatın qundağı ilə vurulub. Dörd qaz işçisi ilə əsgərlər arasında açıq sahədə qızğın söhbətdən sonra ilk atəş açılıb.
![]()
Düşərgədə baş verənləri görməyən bəzi turistlər atışma səsini eşidiblər, amma qətlin baş verdiyini təsəvvür edə bilməyiblər. Qarşıdurma zamanı qaz işçiləri Povışevin avtomatını ondan alıb kollara atmağı bacarıblar. Lakin Bağijevin silahını əlindən almağa vaxtları olmayıb, o çadırlara atəş açmağa başlayıb. Bağıjev iki darağı boşaldıb. Ona tərəf qaçan Povışev silahı dostunun əlindən almağa çalışıb, lakin sonuncu güllə onun sinəsindən dəyib. Bağıjev nə etdiyini anlayan zaman intihar edib. Ümumilikdə hadisədə 18 nəfər ölüb.
Hadisədən sonra təcili olaraq Moskva və Leninqraddan hərbi komandanlıq fövqəladə hadisə yerinə göndərilib. Generallar gəlməzdən əvvəl düşərgə mühasirəyə alınıb və turistlərin oradan çıxması qəti qadağan edilib. Ölənlərin cəsədləri qərargaha aparılıb; onlar 8 aprel saat 15:00 və ya 16:00-a qədər morqda saxlanılıb
![]()
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov sərhəd zonasında baş verən atışma ilə bağlı istintaqı şəxsi nəzarətə götürüb və təcili olaraq Estoniya SSR-ə uçub. Sovet təhlükəsizlik xidmətinin yüksək vəzifəli zabitinin etdiyi ilk şey faciə və ona görə məsuliyyət daşıyanlar haqqında bütün məlumatların məxfi saxlanılmasını əmr etmək olub.
Buna görə də Letipea kəndi yaxınlığında baş verən atışma ilə bağlı sovet mediasında heç bir məlumat yayılmayıb; yalnız “Azadlıq” və “Amerikanın səsi” radioları bu barədə məlumat verib. Qurbanların ailələri büdcədən kompensasiya alıblar - hər bir ölü üçün 150 rubl və bütün dəfn mərasimləri üçün tam ödəniş.
Rəsmi istintaq sənədlərində Estoniya faciəsi “xidməti avtomatik silahların istifadəsi ilə bağlı məişət münaqişəsi” kimi təsvir edilib. Əsas şübhəlilərin ölümündən sonra onların rəhbərliyi cəzalandırılıb: post komandiri işdən çıxarılıb, baş patrul zabiti isə 3,5 il həbs cəzasına məhkum edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün