AZ

"QatarEnergy" LNG tədarükündə "fors-major" elan edib: Qlobal enerji bazarlarında gərginlik artır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qətərin dövlət neft-qaz şirkəti "QatarEnergy", ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində yaranan istehsal və tədarük fasilələri səbəbindən İtaliya, Belçika, Cənubi Koreya və Çin daxil olmaqla bir neçə ölkə ilə olan uzunmüddətli LNG müqavilələri üzrə "force majeure" (fors-major) vəziyyəti elan edib.

TurkicWorld xəbər verir ki, fevralın 28-dən etibarən regionda başlayan hərbi münaqişə qlobal enerji bazarlarına ağır zərbə vurub. İranın regiondakı neft və qaz obyektlərinə PUA və raket hücumları, həmçinin dünya neft və LNG daşımalarının beşdə birinin keçdiyi Hörmüz boğazının faktiki bağlanması tədarük zəncirini qırıb.

"QatarEnergy"nin baş icraçı direktoru Saad əl-Kaabi bildirib ki, İranın Qətərin Ras Laffan qaz kompleksinə endirdiyi zərbələr nəticəsində ölkənin LNG ixrac potensialının təxminən 17 faizi sıradan çıxıb. Bu dağıntı illik gəlirlərin 20 milyard dollar azalmasına səbəb olmaqla yanaşı, Avropa və Asiyanın enerji təhlükəsizliyini təhdid altına qoyub.

Məlumata görə, Qətərin 14 LNG xəttindən ikisi və iki qazdan-mayeyə ("gas-to-liquids") zavodundan biri ciddi zədələnib. Əl-Kaabi qeyd edib ki, illik 12.8 milyon ton LNG istehsalının bərpası üçün zəruri olan təmir işləri 3 ildən 5 ilə qədər vaxt apara bilər. Qeyd edək ki, analoji fors-major qərarları son günlərdə Küveyt və Bəhreynin neft şirkətləri tərəfindən də qəbul edilib. Bu vəziyyət dünya bazarında enerji qiymətlərinin kəskin bahalaşmasına və qlobal enerji böhranı riskinin artmasına səbəb olub.

Seçilən
23
turkic.world

1Mənbələr