AZ

Piştaxtalar boş, alış sıfır: Qızıl bazarı iflasda - REPORTAJ FOTO

Dünya bazarında qızılın qiymətində baş verən enmə ilk baxışda alıcılar üçün fürsət kimi görünə bilər. Comex birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiymətinin 4340,7 dollara düşməsi (23 mart) son aylarda diqqət çəkən dəyişikliklərdən biridir. Xatırladaq ki, cəmi bir neçə gün əvvəl – martın 17-də qızılın unsiyası 5 min dolları keçmişdi.

Bəs bu ucuzlaşma yerli bazarda canlanma yaradıbmı?

Musavat.com əməkdaşı Mərkəzi Univermaq (MUM) ərazisində olub, vəziyyəti yerində araşdırıb. İlk diqqət çəkən məqam isə gözlə görünən durğunluqdur. Bir vaxtlar alıcı əlindən tərpənmək mümkün olmayan qızıl sıralarında indi səssizlik hökm sürür. Bir çox piştaxtalar boş qalıb, bəzi satıcılar isə ümumiyyətlə fəaliyyətlərini dayandırıb.

126a02e8-c332-47b8-b514-065ec14ec533.jpeg

Cəmi bir neçə ay əvvəl eyni məkanda vəziyyət tam fərqli idi. “İynə atsaydın yerə düşməzdi” deyilən bazar indi sanki boşalıb. Alıcı qıtlığı açıq şəkildə hiss olunur və bu, bazarın ümumi durumunu aydın göstərir.

Satıcı bizimlə söhbətdə deyib ki, enmə tendensiyası xüsusilə hiss olunur. Hazırda 585 əyarlı qızılın qramı 190–200 manat civarındadır. Halbuki, cəmi 10 gün əvvəl bu rəqəm 320 manata qədər yüksəlmişdi.
Lom qızıl bazarında isə enmə daha kəskindir. Əvvəllər 160–170 manat olan qram qiyməti indi 120–130 manata qədər düşüb. 750 əyar qızılın satış qiyməti 280–300 manatdan 250–265 manata enib. Eyni əyar üzrə lom qızıl da 205 manatdan 160 manata qədər ucuzlaşıb. Ümumilikdə, qram üzrə 40–45 manatlıq azalma qeydə alınır.

Amma maraqlıdır ki, qiymətlərin düşməsi bazara həyat gətirməyib.

adef7400-9c79-40fd-9315-b90080509656.jpeg

Satıcılar qeyd edir ki, əksinə, alıcı demək olar ki, yoxa çıxıb. Söhbət zamanı bir neçə satıcı da müzakirəyə qoşularaq eyni mənzərəni təsdiqləyir: "Bazarda alışdan çox satış var. İnsanlar qızıl almaq əvəzinə, daha çox satmağa gəlirlər".

“Alış yoxdur, hamı satmağa gəlir”, – deyə satıcılardan biri gileylənir. Onun sözlərindən hiss olunur ki, vəziyyət onları həm maddi, həm də psixoloji cəhətdən çətin duruma salıb.

Satıcılar bunu əsasən regionda baş verən hadisələrlə əlaqələndirirlər. Onların fikrincə, müharibələrdən sonra qızılın qiymətində süni artım yaşandı, indi isə eyni sürətlə enmə gedir. Bu qeyri-sabitlik bazarı iflic vəziyyətinə salıb.

d6c032ee-b5e5-488c-8e13-1cb684f91277.jpeg

Bəzi alıcılar durğunluğu Ramazan ayı ilə əlaqələndirsə də, satıcılar bununla razılaşmır: “Nəinki Ramazanda, ondan əvvəl də alıcı yox idi”. Hətta əvvəlki illərdə satışların artdığı toy mövsümü belə bu dəfə bazarı canlandıra bilməyib.

Ən böyük problemlərdən biri isə satıcıların özlərinin ziyana düşməsidir. Onlar bildirir ki, qızılı baha qiymətə alıblar, indi isə ucuz satmağa məcbur qalırlar:

“Qiymətlər bir neçə gün ərzində sürətlə dəyişdi. Nə baş verdiyini anlaya bilmirik. Baha aldığımız malları indi necə sataq – bilmirik. Bu vəziyyətin nə qədər davam edəcəyini də proqnozlaşdıra bilmirik”.

Hazırda bazarda qazanc minimum səviyyədədir. Satıcıların dediyinə görə, hər qramdan cəmi 2–3 manat gəlir qalır ki, bu da xərcləri qarşılamaq üçün kifayət etmir.

Beləliklə, qızıl ucuzlaşsa da, bazar canlanmır – əksinə, həm alıcı, həm də satıcı üçün daha qeyri-müəyyən və çətin mərhələyə daxil olur.

Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com

Seçilən
30
1
musavat.com

2Mənbələr