AZ

Kəndli torpağı niyə əkmir? - “Dövlət onu əkəcəksə, daha da pis”

Əkinəyararlı torpaq sahələrinin istifadəsiz qalması son illər əsas problemlərdən biiridir.

Bugünlərdə millət vəkili Vasif Qafarov Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunaraq yeni təkliflə çıxış edib. O Astara rayonunda 30 ildir istifadəsiz qalan torpaqların dövlətə qaytarılmasını təklif edib. Deputat qeyd edib ki, 1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürülüb:

“Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot torpaq alan ailəyə bu torpaq elə bir şəkildə kəsilib verilib ki, bu torpağı istifadə etmək faktiki olaraq qeyri-mümkündür. 30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir. Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb”. 

V. Qafarov qeyd edib ki, bu torpaqların səmərəli istifadə olunması və əkin dövriyyəsinə qaytarılmasından ötrü onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin. Bu addımla 30 ildir istifadəsiz qalan həmin torpaqlar əkin dövriyyəsinə qaytarıla bilər və ölkəyə fayda təmin edilə bilər. Qeyd edək ki, kəndlilərə torpaq verilsə də, onu əkib-becərməməsi müxtəlif səbəblərdən irəli gəlir.

Torpaqların yenidən dövlət mülkiyyətinə qaytarılması mövcud problemi həll edəcəkmi və ya əksinə, kəndliyəmi dəstək göstərilməlidir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli "Cebheinfo.az"-a bildirib ki, ümumiyyətlə, torpaqların geri qaytarılması  kifayət qədər həssas məsələdir:

"Hətta kompensasiya ödənilsə də, müəyyən suallar yarada bilər ki, dövlət sonradan gəlib torpağımızı geri alacaqmı? Burada həddindən artıq ehtiyatlı olmaq lazımdır. Sovet dövründə kəndlilərə torpaq paylanması, sonra o torpağı alıb kolxoza verməsi, həmin prosesin yenidən təkrar edilməsi kimi məsələlər vardı və bu, indi mülkiyyət hüququ ilə bağlı narahatlıqlar yarada bilər.

Vətəndaş düşünür ki, bu, mənim torpağımıdr, əkirəm, yaxud əkmirəm, niyə gəlib məndən alırsız? Dövlət ehtiyaclarına görə almaq başqadır. Burada könüllülük çox vacibdir. Əslində torpağın sahibidirsə, əkməyə də bilər. İstifadə hüququ onundur. Boş da saxlaya bilər. Burada məcburedicilik doğru deyil. Mülkiyyət hüququ ilə bağlı da sual yarana bilər. Torpağın dövlətdə yaxşı istifadə olunacağına da mən əmin deyiləm". 

İqtisadçının fikrincə, torpağın niyə istifadə edilməməsi kimi məsələlər də aydınlaşmalıdır:

"Yəni kəndli özü torpağı əkmək istəmir, yoxsa torpağı əkmək səmərəli iş deyilmi, subsidiya mexanizmləri kəndliyə əlçatanmı deyil, yaxud texnikaya, bazara çıxma imkanlarına baxılmalıdır. Əgər sabah dövlət torpağı geri alsa, o da boş saxlayacaqsa nə mənası olacaq? Dövlət onu əkəcəksə, daha da pis, biz kalxoz dövrünü keçmişik. Dövlət kiməsə torpaq vermək istəyirsə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqları  versinlər. Biz burada kəndli niyə torpağı əkmir, niyə maraqlı deyil məsələsinə baxmalıyıq. Yəni daha çox bu problemlə maraqlanmalıyıq. Aqrotexniki problemlərimi var, subsidiya mexanizmi təkmilmi deyil, yaxud fermerlərin hüquqlarını qorumaq üçün kooperativlərmi yaratmalıyıq, məhsulun realizasiyası zamanı hansı problemləri var? Kəndlinin, fermerin problemlərinə baxılmalıdır ki, işlək bir mexanizm, iqtisadi stimul yaransın və onlar da yaxşı gəlir əldə edəcəkləri üçün torpağı əksinlər. Yoxsa dövlət onlardan alıb başqasına verməklə heç nə dəyişmir".

Nigar Abdullayeva "Cebheinfo.az"

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr