ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Berlin, 24 mart, AZƏRTAC
Almaniyada bir araşdırma ölkədə doğulan miqrant mənşəli uşaqlara vətəndaşlığın verilməsinin gələcəkdə onların cinayət törətmə ehtimalını əhəmiyyətli dərəcədə azaltdığını göstərib.
AZƏTRAC “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, doğulduqları gündən Almaniya vətəndaşlığına malik olan ikinci və üçüncü nəsil miqrant gənclər əvvəlki dövrdə alman pasportu olmayan oxşar gənclərlə müqayisədə polis tərəfindən təxminən 70 faiz daha az şübhəli şəxs kimi qeydə alınıb. Azalma əsasən mülkiyyət və narkotik cinayətləri ilə bağlı olub.
Ifo İnstitutunun və Passau Universitetinin birgə araşdırması Baden-Vürtemberq, Hessen və Berlin polisində cinayətlərlə bağlı statistik məlumatlara əsaslanıb. Tədqiqata əsasən, doğuşla vətəndaşlıq verilməsi şəxsiyyətin formalaşmasına təsir edir, sosial etimadı artırır, təhsil, məşğulluq, eləcə də siyasi iştirak imkanlarını genişləndirir. Araşdırma, həmçinin göstərib ki, doğuşdan Almaniya vətəndaşlığı alan miqrant mənşəli uşaqlar məktəblərdə daha yaxşı nəticələr göstərirlər. Təhsil və iş imkanlarına daha geniş çıxış isə gənclərin cinayətə meyil etmə ehtimalını azaldır.
2000-ci ildə Almaniyada vətəndaşlıqla bağlı qanunvericiliyə edilən dəyişiklyə əsasən, əcnəbi valideynlərin ölkədə doğulan uşaqları valideynlərdən ən azı biri səkkiz il Almaniyada yaşadığı və daimi yaşayış icazəsinə malik olduğu təqdirdə avtomatik olaraq vətəndaşlıq alır. Bundan əvvəl isə yalnız valideynlərindən biri alman olan uşaqlar doğuşdan vətəndaşlıq əldə edirdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.