ABŞ prezidenti Donald Tramp deyib ki, İranla danışıqlar aparılır və onlar razılığa gəlməkdə son dərəcə maraqlıdırlar.
“Onların liderləri yoxa çıxıb. Biz kiminlə danışacağımızı bilmirik. Amma əslində biz düzgün insanlarla danışırıq. Onlar razılaşmanı o qədər çox istəyirlər ki, bunu təsəvvür belə edə bilməzsiniz. Görək nə olacaq”, - deyə Tramp bildirib.
İran həqiqətənmi ABŞ-la razılaşmaya bu qədər maraqlıdır, yoxsa bu, Vaşinqtonun təbliğat strategiyasıdır? “Liderlər yoxa çıxıb” ifadəsi nə deməkdir? Danışıqların uğursuzluğa düçar olması halında hansı ssenarilər gündəmə gələ bilər?
![]()
Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a danışıb. Siyasi şərhçi bildirib ki, ABŞ prezidenti Donald Tramp “danışdığımız İran rəsmiləri yoxa çıxır”, - deyərkən onların öldürülməsini nəzərdə tutur:
“Bir müddət əvvəl jurnalistlərin “kiminlə danışıqlar aparırsınız” sualına cavabında bu qorxusunu açıq şəkildə ifadə edən Tramp eynilə belə dedi: “Adını açıqlayım, onu da öldürsünlər?” ABŞ-la danışıqlar aparan İran rəsmilərini iki qüvvə öldürə bilər – ya ABŞ-la müharibənin bitməsini istəməyən SEPAH rəhbərliyi, ya da İsrail. Çünki İsrail də bu müharibənin tezliklə bitməsində maraqlı deyil və İsrail rəsmiləri bunu açıq şəkildə dilə gətiriblər. Həqiqətən də İran rəhbərliyi arasında diplomatik danışıqlar aparmağa ən yaxın isimlər bir müddət sonra İsrail bombardmanına məruz qalaraq öldürülüb. Ən son belə sui-qəsdə qurban gedən İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani oldu. Hazırda Trampın “İranla danışıqlara hazırıq” bəyanatına reaksiya verən İran rəsmiləri “ABŞ həqiqətən də danışıqlara maraqlıdırsa, Laricanini niyə qətlə yetirdilər?” - deyə Vaşinqtonun səmimiliyini şübhə altına alırlar”.
Heydər Oğuz istisna etmir ki, ABŞ-la danışıqlar aparan İran rəsmilərini SEPAH-ın özü də aradan götürsün:
“Çünki onlar da bu danışıqlar zamanı ABŞ-ın əsas tələblərindən birinin terror təşkilatı kimi tanıdığı SEPAH-ı və onun Yaxın Şərqdəki proksi qüvvələrini buraxılması olacağını düşünürlər və bu düşüncələrində haqsız deyillər. Ona görə də Xameneinin öldürülməsindən sonra İranda bütün hakimiyyəti ələ keçirən SEPAH rəhbərliyi müharibənin bitməsini istəmir, İran xalqını özünün canlı qalxanına çevirib mövcudluqlarını və hakimiyyətlərini sığortalamağa çalışır”.
Heydər Oğuzun fikrincə, danışıqların uğursuzluğa düçar olması nəticəsində İran “ikinci Əfqanıstan”a çevrilə bilər:
“Uzun sürən müharibə istənilən dövləti xeyli zəiflədir. Onsuz da müharibədən əvvəl də iqtisadi cəhətdən yaxşı vəziyyətdə olmayan İran üçün uzun illər davam edən müharibə daha dağıdıcı nəticələr doğura bilər. Ölkə iqtisadi cəhətdən tamamilə çökər, daş üstündə daş qalmaz, İranın aktiv sosial bazası – gəncliyinin qaymaqları məhv olar. Nəticədə ölkə özünün daş dövrünə qayıdar, bir daha özünə gəlməsi 100 illər çəkər. Amma dərd burasındadır ki, Yaxın Şərqdə güclü dövlət istəməyən İsrail də əslində bunu istəyir və bu səbəbdən müharibənin tezliklə bitməsini arzulamır.
Yeri gəlmişkən, uzun illərlə davam edən müharibədən trilyonlarla dollar qazanan ABŞ-ın hərbi sənaye kompleksi və Pentaqon da İranla savaşda maraqlıdır. Bu maraqların cəmləşməsi İranı içərisindən çıxılması çətin olan ağır müharibələrə doğru sürükləyir. Yəqin ki, yaxın zamanlarda Trampın da qeyd etdiyi kimi, İranda danışıqlar masasında oturası diplomat belə tapılmayacaq. Onlar ya SEPAH-ın, ya ABŞ, ya da İsrail ordusunun bombardmanı altında yox olacaqlar. Nəticədə İran Vyetnam və Əfqanıstan kimi, bəlkə də onillərlə davam edən müharibəyə sürüklənəcək”.
Xalidə Gəray
Musavat.com