AZ

İran və ABŞ arasında heç bir danışıqlar aparılmır - Bəqai

İran və ABŞ arasında hal-hazırda heç bir danışıqlar getmir.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın XİN rəsmisi İsmayıl Bəqai "India Today" telekanalına müsahibəsində bildirib.

"İran və Birləşmiş Ştatlar arasında heç bir danışıqlar və ya məsləhətləşmələr aparılmır. Onların (İsrail və ABŞ-nin) İrana qarşı başlatdığı qanunsuz müharibədən bəri, son 25 gün ərzində ümumiyyətlə olmayıb", -Bəqai bildirib.

O vurğulayıb ki, İran artıq iki dəfə Amerika diplomatiyası ilə əlaqələrin xoşagəlməz təcrübəsi ilə üzləşməli olub.

"Cəmi doqquz aylıq fasilə ilə iki dəfə məhz nüvə probleminin tənzimlənməsi üzrə danışıqlar prosesinin ən qızğın mərhələsində hücuma məruz qaldıq. Beləliklə, bu, diplomatiyaya xəyanət oldu. Bu gün İranda bu ifadə artıq dillər əzbərinə çevrilib, çünki bu cür hadisə bir deyil, düz iki dəfə baş verib. Buna görə də heç kim ABŞ-nin diplomatiyasına etibar edə bilməz", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
6
olaylar.az

10Mənbələr