AZ

Hücumlar zamanı yaralanan Ali Lider Müctəba Xameneidən XƏBƏR VAR

“İranın Ali Lideri Müctəba Xameneinin səhhəti yaxşıdır və İran dövlət sistemi səmərəli şəkildə fəaliyyət göstərir”.

Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “India Today”ə verdiyi müsahibədə bildirib.

“Ali liderin səhhəti yaxşıdır və dövlət sistemimizin səmərəli şəkildə fəaliyyət göstərməsindən məmnunuq. Silahlı qüvvələrimiz İranın müdafiə planlarına ciddi şəkildə uyğun olaraq hərəkət edir. Ən əsası isə xalqımız bu vəhşi təcavüz aktı qarşısında birləşib”, – deyə o bildirib.

Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran XİN-in nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Seçilən
23
3
editor.az

10Mənbələr