AZ

“TRAMP İRANDA DİVARA ÇIRPILDI” Məşhur ABŞ li general bütün sirrləri açdı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

"Biz Müctəbanın atasını və həyat yoldaşını öldürdük... İndi isə deyirik ki, gəl razılığa gələk"

"Hər şey 1953-cü ildən – ABŞ və Böyük Britaniyanın qanuni seçilmiş baş naziri devirib şahı hakimiyyətə gətirdiyi vaxtdan başlayır..."

İraq müharibəsinin veteranı və antiterror əməliyyatlarının keçmiş rəhbəri, general Stenli Makkristal kolumnist Devid Frençlə söhbətində ABŞ-ın İrana qarşı hazırda həyata keçirdiyi əməliyyatın planlaşdırılmasını kəskin tənqid edib.

Generalın sözlərinə görə, Vaşinqton növbəti dəfə havadan endirilən nöqtə zərbələrinin imkanlarını həddindən artıq yüksək qiymətləndirib, tarixi incikliklərin dərinliyini və rəqibin qətiyyətini isə lazımi dərəcədə nəzərə almayıb.

"Biz yenə də şirnikləndirici bir fikrə qapıldıq, Hesab edirik ki, əgər əsas hədəfləri bombalasaq, istədiyimiz nəticəni əldə edəcəyik. Lakin nəticə insanların beyinlərindədir. Əgər siz hamını öldürmək fikrində deyilsinizsə, deməli, yekun nəticəyə təsir edə bilməyəcəksiniz. Belə deyə bilərik Tramp İranda divara çırpıldı" -  deyə Makkristal bildirib.

General Amerika administrasiyalarının mütəmadi olaraq uyuşduğu üç əsas "tələni" xatırladıb:

-Guya gizli qalacaq məxfi əməliyyatlar;

-Venesuelada olduğu kimi xüsusi təyinatlıların "cərrahi" reydləri;

-Hazırda ən təhlükəlisi olan - aviasiyanın həlledici gücünə olan inam.

"Biz aviasiyanı sevirik. İkinci Dünya Müharibəsindən bəri inanırıq ki, bombardmançılar həmişə keçib hər şeyi həll edəcək. Amma bu, heç vaxt belə olmayıb," - deyə o qeyd edib.

Makkristal xüsusi vurğulayıb ki, İrana qarşı hazırkı əməliyyat keçmişin səhvlərini təkrarlayır: "2003-cü ildə biz İraqa 'şok və dəhşət' taktikası ilə girdik, sonra isə orada on il ərzində yerdə vuruşmalı olduq. İndi isə yenə inanmışıq ki, əsas hədəfləri bombalamaq rejimin davranışını dəyişəcək. Lakin nəticə geosiyasi hesablamalarla deyil, insanların qəlbindəkilərlə müəyyən olunur".

Frençin müasir texnologiyaların – kamikadze dronlar, yüksək dəqiqlikli müşahidə və İran strukturlarına dərin nüfuz etmənin vəziyyəti dəyişib-dəyişmədiyi barədə sualına Makkristal skeptik yanaşıb: "Mən 'bu dəfə hər şey fərqlidir' ifadəsini sevirəm. Razıyam ki, imkanlar artıb. Amma dinamikanın həlledici dərəcədə dəyişdiyini nə görürəm, nə də hiss edirəm".

General rejimin "başsız qoyulması" (liderlərin qətlə yetirilməsi) cəhdlərini də ayrıca qiymətləndirib: "Biz onun (İranın hazırkı ali lideri Müctəba Xameneinin) atasını və arvadını öldürdük... İndi isə deyirik: 'Bax, indi o, danışıqlara daha meyilli olacaq'. Mənim üzərimdə bu, əks effekt verərdi".

Xüsusi diqqət Hörmüz boğazı probleminə ayrılıb: "Onu açmaq çətin olacaq. Biz İranı asanlıqla bombalaya bilərik, lakin söhbət yerdəki nəzarətdən gedəndə sən artıq 30 min fut yüksəklikdə deyilsən, düşmənlə eyni səviyyədə - altı futdasan. Boğazda həftədə bir minanın partlaması və ya mülki tankerə hücum kifayətdir ki, sığortaçılar gəmiləri sığortalamaqdan imtina etsinlər. Vəssalam – hərəkət iflic olur".

General ABŞ hərbçiləri üçün risklər barədə də xəbərdarlıq edib. İndi itkilər azdır, lakin müharibə uzanarsa və quru qoşunlarının iştirakı tələb olunarsa, vəziyyət dəyişəcək. "Hər bir həlak olan hərbçi – bir ailə və bir itkidir. Zamanla isə cəmiyyətdə məyusluq və parçalanma artır".

Makkristal Müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqsetin üslubunu da ayrıca şərh edib: "Yuxarıdan gələn atmosfer məni məyus edir. Mənim birlikdə xidmət etdiyim elita inanılmaz işlər görüb, lakin heç vaxt sinəsinə döyməyib. Təhlükə ondadır ki, 18 yaşlı əsgərlər bunu görür və düşünürlər: 'Bax belə olmaq lazımdır – biz hamıdan üstünük'".

Generalın fikrincə, müasir müharibənin reallığı "əzələ" deyil, intellekt, logistika və innovasiya tələb edir: "Hərbi qulluqçuların əksəriyyəti kəşfiyyat, rabitə və təminatdır. Əgər biz hamıdan müharibə naziri kimi görünməyi tələb etsək, bu, fəlakət olar".

"Hər bir müharibənin birinci mərhələsi həmişə ən asan mərhələ kimi görünür. Bu ilk mərhələdən həzz alın. Çünki bundan sonra gələn hər şey qat-qat çətin olacaq" - Makkristal bəyan edib.

General əlavə edib ki, tam tarixi konteksti anlamadan hazırkı əməliyyatın niyə dalana dirənmək riski daşıdığını başa düşmək mümkün deyil: "1988-ci ildə ABŞ-nin 'USS Vincennes' kreyseri səhvən İran sərnişin təyyarəsini F-14 qırıcısı sanaraq vurdu – 290 dinc sakin həlak oldu. O dövrə baxanda İran bizi başa düşülməyən səbəblərdən nifrət edən inadkar bir düşmən kimi görünürdü. 2007-ci ildə mən antiterror qrupuna rəhbərlik edirdim. Biz İranın dəstəklədiyi şiə qruplaşmaları ilə mübarizə üçün tamamilə yeni bir bölmə yaratmalı olduq. Onlar bizi öldürürdü, biz də onları. İrana əzəli düşmən kimi baxmağa başlayırsan. Lakin ABŞ-da hadisələrə çox qısa zaman çərçivəsində baxmaq meyli var".

Onun sözlərinə görə, 71 yaşlı iranlılar üçün hər şey 1953-cü ildən – ABŞ və Böyük Britaniyanın qanuni seçilmiş baş naziri devirib şahı hakimiyyətə gətirdiyi vaxtdan başlayır: "Onlar 'Amerikaya ölüm' deyəndə amerikalıların çoxu soruşurdu: 'Problem nədir? Niyə bizə qəzəblisiniz?'"

Daha sonra gələn 8 illik İran-İraq müharibəsi İran cəmiyyətində dərin izlər qoyub: "Bu təcrübə Birinci Dünya Müharibəsindən iki dəfə uzun sürüb və ruhanilər bu gün də həmin nəslin dəstəyinə arxalanırlar".

Makkristal teokratiya ilə müharibənin digər təhlükəsini onun tərəfdarlarının sədaqətində görür: "Mən buna əvvəldən əbəs bir ümid kimi baxırdım, çünki rəqib tamamilə fərqlidir: Cənubi Amerika diktatoru bir şeydir, İslam inqilabi rejimi tam başqa bir şey. Burada bağlılıq səviyyəsi teolojidir, bəzən isə apokaliptikdir. İraqda yaralı şiə döyüşçülərini müalicə edən həkimlər danışırdılar ki, hətta ölümcül yaralılar belə onları xilas edənləri dişləməyə, zərər verməyə çalışırdılar. Sədaqət dərəcəsi belə idi".

İran müxalifətinə gəlincə, general qeyd edib ki, hazırda o, demək olar ki, görünmür. "Mən müxalifət liderinin adını çəkə bilmərəm. 'İran Azadlıq Cəbhəsi' kimi bir şey tanımıram. Şahın oğlunun dünyanı gəzdiyini bilirəm, lakin onun legitim alternativ olduğuna inanmıram. Hesab edirəm ki, biz iranlıların dəyişiklik istəyinin real gücünü sadəcə qiymətləndirə bilmirik. Və əlbəttə ki, müharibə tez-tez insanları öz hökuməti ətrafında birləşməyə məcbur edir. Mən bir amerikalı kimi bizim tərəfin qalib gəlməsini istəyirəm, lakin eyni hissləri bəlkə iranlılar da keçirir".

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
2
azpolitika.info

3Mənbələr