AZ

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

Astana, 25 mart, AZƏRTAC

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları 2025-ci ildə rekord həddə - 32,3 milyon tona çatıb. Bu, 2024-cü illə müqayisədə 16 faiz artım və son 10 ilin ən yaxşı nəticəsidir.

AZƏRTAC QTZ mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə QTZ NK SC İdarə Heyətinin sədri Talqat Aldıbergenov və Özbəkistan Dəmir Yolları SC İdarə Heyətinin sədri Zufar Narzullayev arasında Maktaaral stansiyasında keçirilən görüşdə məlumat verilib. Görüşdə yükdaşımalarının nəticələri və sərhəd dəmir yolu infrastrukturunun inkişaf perspektivləri müzakirə olunub.

Qazaxıstanın ixracı ümumilikdə 13 milyon ton (+8,5 faiz), Özbəkistana taxıl daşımaları isə 32 faiz artaraq 4,5 milyon tonu keçib. Müsbət tendensiya 2026-cı ildə də davam edir: ilk iki ayda yükdaşımalarının həcmi 6,6 milyon ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 37,5 faizlik artım deməkdir. Tərəflər 2026-cı ilin sonuna qədər yükdaşımalarının daha da artacağını proqnozlaşdırırlar.

Danışıqlar zamanı Maktaaral-Sırdərya dövlətlərarası keçid məntəqəsinə çıxışı olan yeni Darbaza-Maktaaral xəttinin tikintisinə, eləcə də müasir avtomatik blok və mərkəzləşdirilmiş rabitə sistemlərinin tətbiqi də daxil olmaqla infrastrukturun modernləşdirilməsinə xüsusi diqqət yetirilib.

İkitərəfli münasibətlərin vəziyyətini yüksək qiymətləndirən tərəflər, həmçinin regionun tranzit potensialını gücləndirmək üçün sıx dialoqu davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
19
3
azertag.az

4Mənbələr