AZ

Xankəndini daha yaxından tanımaq istəyirik - Hari Mitsidis

Bakıya yeddi dəfə gəlmişəm. İlk səfərim 2002-ci ildə olub və o vaxtkı Bakı indiki ilə müqayisədə xeyli fərqli idi. Son beş ildə isə Qarabağ səfərləri ilə əlaqədar bura daha tez-tez gəlmişəm.

“İki sahil” xəbər verir ki,  bu fikirləri bu gün “NomadMania”nın təsisçisi Hari Mitsidis “NomadMania” klubunun illik toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Qarabağa üç dəfə səfər etmişəm, sabah yenidən gedəcəyəm və bu, dördüncü səfərim olacaq. İlk dəfə getdiyimiz dövrlə müqayisədə, yəni hər yerin xarabalıq vəziyyətində olduğu vaxtla, hazırda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir. Sonuncu səfərimizdə Füzulidə insanların yenidən məskunlaşdırılması üçün çoxlu binaların inşa edildiyini gördük. Yol şəbəkəsi də diqqətimi çəkdi", - deyə o bildirib.

Hari Mitsidis bildirib ki, Qarabağda üç hava limanının tikilməsi isə olduqca qeyri-adi və unikal haldır.

“Laçında yeni hotelin olması da diqqətçəkəndir, sabah orada qalacağıq. Bütün bunlar göstərir ki, Qarabağa böyük həcmdə investisiya yatırılır. Hər səfərdə yeni dəyişikliklər görmək maraqlıdır. Sabah tezdən Bakını tərk edəcəyik. İlk olaraq Ağdama gedəcəyik, orada müəyyən vaxt keçirib görülən işlərlə tanış olacağıq. Daha sonra Şuşaya, ordan isə Xankəndiyə yollanacağıq. Naharımız Xankəndidə olacaq və günün sonunda Laçına çatacağıq. Ertəsi gün Laçını gəzəcəyik. Məncə, Laçın Azərbaycanın coğrafi baxımdan ən gözəl yerlərindən biridir.Daha sonra Zəngəzur dəhlizinin başlanması nəzərdə tutulan nöqtəyə gedəcəyik və düşünürəm ki, ora gedən ilk xarici qrup biz olacağıq. Bu, bizim üçün çox maraqlı olacaq. Qayıdarkən isə Cəbrayılda, bəlkə də Füzulidə dayanacağıq. Qarşıdakı iki gün üçün marşrutumuz əsasən bundan ibarətdir", - deyə o qeyd edib.

"NomadMania”nın təsisçisinin fikrincə, bu səfər əvvəlkilərlə müqayisədə daha qısa olacaq: “İndiyədək biz həmişə iki gecə qalırdıq, amma Qarabağın özündə deyil, ətraf ərazilərdə. Uyğun yerləşmə imkanları yox idi, bəzən hərbi düşərgədə qalmalı olurduq. Bu dəfə səfər daha qısa olsa da, daha rahat keçə bilər, çünki hotellərdə qalacağıq. Marşrut baxımından bir çox yerləri görmüşük, amma Xankəndini yetərincə yaxından tanımamışıq. Ümid edirəm ki, bu dəfə ora daha ətraflı baxmaq imkanı olacaq. Zəngəzur dəhlizi isə bizim üçün xüsusi maraq kəsb edir və şəxsən mənim ən çox diqqət yetirdiyim məqamlardan biridir".

Seçilən
12
4
ikisahil.az

5Mənbələr