BAKI, TurkicWorld, Orxan Qədirzadə
Xorvatiyanın paytaxtı Zaqrebdə, 25 mart 2026-cı il tarixində "3 Dəniz Təşəbbüsü"nün (3SI) yubiley — 10-cu Zirvə Toplantısı işinə başlayıb.
TurkicWorld xəbər verir ki, Xorvatiya parlamentinin təşkilatçılığı ilə keçirilən və “3 Dəniz Təşəbbüsünün inkişafı: gələcəyə baxış, məsuliyyət və tərəfdaşlıq” mövzusuna həsr olunan tədbirdə Azərbaycan Respublikası ilk dəfə "Xüsusi Dəvətli Qonaq" statusunda təmsil olunub.
Sammitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı həlledici rol beynəlxalq rəsmilər tərəfindən yüksək qiymətləndirilib.
Toplantıda Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç, Baş nazir Andrey Plenkoviç və Polşa Seyminin vitse-marşalı Zimon Holovnia çıxış edərək, Baltik, Adriatik və Qara dəniz regionlarını birləşdirən bu platformanın strateji əhəmiyyətini vurğulayıblar. Liderlər enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın alternativsiz tərəfdaş olduğunu qeyd ediblər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Rafael Hüseynov toplantıdakı çıxışında ölkəmizin platformadakı statusunu və Avropaya töhfələrini diqqətə çatdırıb:
Hazırda Azərbaycan qazı 16 ölkəyə nəql olunur ki, bu dövlətlərin böyük əksəriyyəti "3 Dəniz Təşəbbüsü" coğrafiyasına daxildir.
Avropa Komissiyasının dəstəyi ilə icra olunan bu layihə təkcə iqtisadi mənfəət deyil, həm də Avropanın müəyyən enerji mənbələrindən asılılığını minimuma endirən strateji qalxandır.
Azərbaycan təşəbbüsün rəsmi üzvü olmasa da, iqtisadi əlaqələrin dərinliyi baxımından regionun əsas oyunçularından biri kimi tanınır.
Müzakirələrin sonunda iştirakçı ölkələr tərəfindən Ortaq Bəyannamə qəbul edilib. Sənəddə regional infrastruktur layihələrinin sürətləndirilməsi, rəqəmsallaşma və enerji keçidində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər kimi əksini tapıb. Azərbaycanın "Xüsusi Dəvətli Qonaq" kimi iştirakı rəsmi Bakının Avropanın enerji arxitekturasında uzunmüddətli və etibarlı mövqeyinin növbəti diplomatik qələbəsi hesab olunur.