Böyük Britaniya və Argentina astronomları əvvəllər məlum olmayan 100-dən çox ekzoplanetin mövcudluğunu müəyyən etməyə və təsdiqləməyə imkan verən neyroşəbəkə hazırlayıblar. Bu uğur Yerəbənzər planetlərin və digər nadir planet növlərinin axtarışında süni intellektdən istifadəyə yol açır.
Bu barədə Böyük Britaniyadakı Uorik Universitetinin mətbuat xidməti məlumat verib.
"Biz 118 ekzoplanetin mövcudluğunu təsdiqləyə və bu statusa ehtimal edilən 2 000 namizəd obyekti aşkarlaya bildik. Onlardan minə yaxını əvvəllər elmə məlum deyildi. Bunun sayəsində ulduzlara qeyri-adi dərəcədə yaxın məsafədə fırlanan planetlərin indiyə qədərki ən ətraflı kataloqunu tərtib etməyə nail olduq ki, bu da tədqiqat üçün ən maraqlı obyektləri seçməyə kömək edəcək", - deyə Uorik Universitetinin astronomu Marina Lafarqa bildirib.
Lafarqa və digər alimlər bu kəşfi "Transiting Exoplanet Survey Telescope" (TESS) orbital teleskopu tərəfindən əldə edilən görüntüləri avtomatik olaraq təhlil etmək üçün hazırlanmış bir alqoritmi sınaqdan keçirərkən ediblər. TESS planetlərin disklərindən keçməsi nəticəsində ulduzların parlaqlığındakı dəyişiklikləri izləyir. Ulduzların parlaqlığındakı bu cür dəyişikliklər çox vaxt onların içərisindəki proseslər və ya digər amillərdən qaynaqlanır. Astronomlar indiyə qədər NASA-nın TESS teleskopu tərəfindən kəşf edilən təxminən səkkiz min potensial namizəddən yalnız yeddi yüz planetin mövcudluğunu təsdiqləyə biliblər.
Alqoritmin fəaliyyətini təsdiqlədikdən sonra alimlər, TESS tərəfindən orbitdəki fəaliyyətinin ilk dörd ili ərzində öyrənilmiş 2.2 milyon ulduzun fotoşəkillər toplusunu yaratdıqları sistem vasitəsilə analiz ediblər. Süni intellekt sistemlərinin apardığı hesablamalar həmin ulduzların ətrafında planet roluna iki mindən çox namizədin mövcud olduğunu göstərib və onların yarısından çoxu əvvəllər elmə məlum olmayıb.
Tədqiqatçılar bu siyahıdan ən perspektivli bir neçə yüz obyekti seçib, onların 118-nin mövcudluğunu digər teleskoplar və əlavə arxiv məlumatları köməyi ilə dərhal təsdiqləyiblər. Alimlər yekun olaraq bildiriblər ki, bu obyektlərin öyrənilməsi planetar sistemlərin formalaşması haqqında astronomların təsəvvürlərini əhəmiyyətli dərəcədə genişləndirəcək.