AZ

“Klassik şahmat təkcə məni itirməyəcək” - Rauf Məmmədovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Aprelin əvvəlində Almaniyanın Karlsrue şəhərində məşhur “Grenke” şahmat festivalı start götürəcək. Planetin ən güclü qrossmeysterləri Maqnus Karlsen başda olmaqla fişer şahmatında mübarizə aparacaqlar - bu intizamda fiqurların birinci və səkkizinci xətlərdə təsadüfi düzülüşü debütlərin kompüter hazırlığını istisna edir və oyunun gedişini daha gözlənilməz edir.

Azərbaycanı turnirdə altıqat ölkə çempionu və milli komandanın heyətində üçqat Avropa çempionu Rauf Məmmədov təmsil edəcək.

O, İdman.Biz-ə müsahibəsində qarşıdakı festivaldan gözləntilərini bölüşüb.

- Siz getdikcə daha çox fişer şahmatı turnirlərinə üstünlük verirsiniz. Bu o deməkdir ki, klassik şahmat sizi itirir?

- Düşünürəm ki, klassik şahmat yaxın zamanda təkcə məni itirməyəcək (gülür). Maqnus Karsenə baxın: o, artıq bir neçə ildir ki, adi turnirləri faktiki olaraq görməzliyə vurur, daha çox sürətli formatlara və ya fişer şahmatına üstünlük verir. Gələcək bu formatlara məxsusdur. Burada debütləri əzbərləmək mümkün deyil, oyunun gedişində improvizasiya etmək lazımdır. Klassik şahmat isə rutinə çevrilib, bütün debütlər öyrənilib. Əgər top-oyunçular səhv etmirsə - bu isə getdikcə daha tez-tez baş verir - partiyalar qaçılmaz olaraq heç-heçə ilə başa çatır.

- Yəni klassik şahmatın erası sona yaxınlaşır?

- Şübhəsiz. Tamaşaçı üçün maraqlı olan formatlar inkişaf edir: blits, rapid, fişer şahmatı. Onlayn yayımlar göstərir ki, bu formatlarda baxış sayı dəfələrlə çoxdur. Amma klassika tamamilə yox olmayacaq, o, həvəskar səviyyədə qalacaq. Həvəskarlar tez-tez səhv edirlər, orada intriqa sonluğa qədər qalır. Bu, dama oyununa bənzəyir: peşəkarlar artıq çoxdan 100 xanalı lövhəyə keçiblər, amma milyonlarla insan hələ də 64 xanalı lövhədə oynayır.

- Bəs "bu qədər düşünmə - şahmat oynamırsan ki" ifadəsi necə, o da tarixə qovuşacaq?

- Ümid edirəm ki, bütün bu dəyişikliklərdən sonra o ifadə də yoxa çıxacaq (gülür).

- Bu, sizin “Grenke” turnirtində ikinci iştirakınızdır. Əvvəlki çıxışınız ikili təəssürat yaratmışdı...

- Bəli, hər şey əla gedirdi. Biz İsveçrə sistemi ilə oynayırdıq və bütün turnir ərzində yalnız bir dəfə – məhz Maqnus Karlsenə uduzdum. Son tura qədər ikinci yerdə gedirdim, amma sonda uğursuz heç-heçə məni doqquzuncu pilləyə atdı. Bu dəfə nəticəni yaxşılaşdırmağa və ilk sıralara düşməyə ümid edirəm. Ötən ilin sonundan bəri uğursuzluqlar zolağı məni izləyir və mən ona məhz Karlsruedə son qoymaq istəyirəm.

İdman.Biz
Seçilən
20
1
idman.biz

2Mənbələr