AZ

İranın BOMBALANMASI Həccə getmək istəyənləri də “VURDU”

Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsinin sonunadək uzadılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib (apa).

“Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər”, - Vüsal Cahangiri bildirib.

Musavat.com bildirir ki, Həcc ziyarətinə son qeydiyyat tarixi əslində, Ramazan ayının sonunadək müəyyən edilmişdi. Son qeydiyyat tarixinə qədər kvotanın dolmaması Yaxın Şərqdə gedən müharibə ilə əlaqəli olduğu təxmin edilir. ABŞ-İsrail müştərək qüvvələrinin İranla müharibəsi bölgənin hava məkanını riskli, təhlükəli vəziyyətə gətirib çıxarıb. Regionda təhlükəsizliklə bağlı yaranmış vəziyyət Həccə getmək istəyənləri tədbirli olmağa məcbur edib. Ona görə də bu il ziyarəti təxirə salmağa məcbur olan xeyli sayda insan var. Təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində də Həcc ziyarətinə gedənlərin sayında əvvəlki illərlə müqayisədə ciddi azalma olacağı gözlənilir.

ABŞ-İsrail-İran

Həcc ziyarətinin başlanacağı tarixə qədər müharibə uzanarsa, vəziyyətin daha ciddi olacağı ehtimal edilir. Regiondakı müharibənin gətirdiyi təhlükəsizlik riskləri səbəbindən ziyarətçilər səfərlərini təxirə salmaq və ya ləğv etmək məcburiyyətində qala bilərlər. Xüsusilə müharibə fonunda Səudiyyə Ərəbistanı daxil, bir sıra körfəz ölkələrinin hava məkanında uçuşların məhdudlaşdırılması Həcc ziyarətçilərinin səfərini daha da çətinləşdirir. Bu, həm də səyahət və dini turizm sektorunda azalmaya səbəb olur. Məlumat üçün onu da qeyd edək ki, ilk zəvvar qrupunun yola düşməsi mayın 24-25-də planlaşdırılır. Zəvvar qrupları mayın 31-ə qədər yola düşəcək.

Etibar Seyidağa,
Musavat.com

 

Seçilən
36
5
musavat.com

10Mənbələr