Abşeron rayonu Masazır qəsəbəsinin “Cantəpə” adlanan ərazisində ictimai nəqliyyat infrastrukturu ilə bağlı ciddi problem müşahidə olunur. Belə ki, 142 nömrəli avtobus marşrutunun sonuncu dayanacağı kimi istifadə olunan ərazi müasir standartlardan xeyli geri qalır.
Sakinlər tərəfindən KONKRET.az-ın redaksiyasına ünvanlanan müraciətdə bildirilib ki,dayanacaq faktiki olaraq köhnə və yararsız materiallardan qurulmuş primitiv sığınacaqdan ibarətdir. Xüsusilə yağışlı və küləkli havalarda sərnişinlərin istifadəsi üçün tam əlverişsizdir.
Redaksiyaya göndərilən fotolardan da aydın görünür ki, dayanacaq nə təhlükəsizlik, nə də rahatlıq baxımından minimal tələblərə cavab verir. Bu isə ictimai nəqliyyat xidmətinin keyfiyyəti ilə bağlı suallar doğurur.
Sakinlər aidiyyəti qurumların vəziyyəti nəzərə almasını və qısa zamanda əraziyə yeni və müasir tipli dayanacaq quraşdırılmasını xahiş edirlər.
P.S. Mövzunu diqqətdə saxlayacağıq.
Dəniz Pənahova,
KONKRET.az