Beynəlxalq səyyahlar klubu NomadMania-nın təsisçisi Harry Mitsidis-in rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Şuşa şəhərinə gəlib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səyyahlar şəhərin tarixi məkanları, zəngin mədəni irsi və təbii gözəllikləri ilə tanış olub, həmçinin işğaldan azad edildikdən sonra aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində izləyib.
Qeyd edək ki, “NomadMania” dünyanı 1301 bölgəyə bölərək xüsusi səyahət reytinq sistemi formalaşdırıb. Klubun təsisçisi Harry Mitsidis bu bölgələrin hamısında səfərdə olmaqla hazırda dünya üzrə lider mövqedə qərarlaşıb. Təşkilatın illik toplantısı da ilk dəfə olaraq Azərbaycanda keçirilib.
Səfər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə ərazilərin “black tourism” konsepsiyası üzrə təqdim olunması, həmçinin aparılan yenidənqurma işlərinin nümayişi əsas məqsədlər sırasındadır.
Bildirilib ki, 2020–2025-ci illər ərzində dünyanın aparıcı səyyah klubları vasitəsilə Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 15 beynəlxalq səfər təşkil olunub. Hazırkı səfər isə sayca 16-cıdır.