ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Dilin yaddaşı xalqın tarixindən daha dərindir və bəzən bir sözün mənşəyi onun qazandığı ruhun yanında çox kiçik görünür. Elariz Məmmədoğlunun irəli sürdüyü “Novruz” adının dəyişdirilməsi təklifi ilk baxışda milli təəssübkeşlik kimi görünsə də, əslində minilliklər boyu formalaşmış mədəni mirasa həddindən artıq texniki yanaşmadır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ədəbiyyatşünas, deputat Elnarə Akimova səsləndirib.
Onun sözlərinə görə, “Novruz” sözü etimoloji baxımdan fars dilində “yeni gün” mənasını versə də, bu ad artıq təkcə bir millətə deyil, bütöv bir coğrafiyaya, o cümlədən Azərbaycan türklərinə məxsus minillik sevincin, kədərin və təbiətlə vəhdətin simvoluna çevrilib.
Deputat bildirib ki, bir sözün mənşəyinə görə ondan imtina etmək, həmin sözün içində yaşayan babalarımızın dualarından, nənələrimizin bayatılarından da imtina etmək deməkdir.
“Tarix bizə pıçıldayır ki, mədəniyyətlər toqquşaraq deyil, bir-birini tamamlayaraq zənginləşir. Dilimizdəki minlərlə söz – “kitab”, “məhəbbət”, “dünya” və hətta “vətən” – başqa dillərdən gəlib, lakin biz onları Azərbaycan ruhu ilə yoğurmuşuq. “Novruz” da belədir: o, farsın “növ”ü və “ruz”u olsa da, səmənisi, tonqalı, papağı və ən əsası, Şah İsmayıl Xətainin sarayında rəsmiləşən dövlət ehtiramı ilə artıq tamamilə milliləşib”, – deyə ədəbiyyatçı əlavə edib.
Akimova vurğulayıb ki, bayramın “Bahar bayramı” adlandırılması onun mahiyyətini sadəcə təqvim hadisəsinə endirir. Halbuki “Novruz” deyərkən biz yalnız fəsli deyil, bütöv bir fəlsəfəni – dirilişi və saflaşmanı nəzərdə tuturuq.
“Bir adı dəyişmək yaddaşı sıfırlamaq deməkdir. Halbuki biz yaddaşımızı silməməli, onu qorumalıyıq. Siyasətdə və mədəniyyətdə radikal linqvistik təmizləmələr çox vaxt xalqı öz keçmişindən uzaq salır. Əgər biz hər kənar mənşəli sözü lüğətimizdən çıxarsaq, sonda dilimiz çox sönük və kasad olar.
Elariz bəyin təklifi bəlkə də səmimi milli hissdən qaynaqlanır. Lakin unutmayaq ki, biz “Novruz” adı altında min illərdir bu torpağa bağlılığımızı ifadə edirik. Adın mənşəyi deyil, onun xalq tərəfindən necə yaşadılması önəmlidir.
İnsan adını dəyişməklə taleyini dəyişmədiyi kimi, bayramın adını dəyişmək də onu daha milli etməyəcək, əksinə, qlobal mədəniyyət xəritəsindəki yerini zəiflədəcək”, – deyə deputat fikirlərini yekunlaşdırıb.
Dəniz Pənahova
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.