AZ

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar - YENİLƏNİB

“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhəri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 37 ölkədən 79 nəfər səyyahın daxil olduğu heyət əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Dünya səyyahları sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

17:42

“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə dünya səyyahları Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici səyyahlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Heyətə 37 ölkədən 79 səyyah daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Seçilən
20
7
azerbaijan-news.az

10Mənbələr