AZ

"ALTURA"ya dron hücumu araşdırılır - Türkiyə XİN

Rəsmi Ankara Qara dənizdə "ALTURA" neft tankerinə edilən dron hücumundan narahatlıq duyur.

"Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli "X" sosial media hesabında paylaşım edib.

"Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırma və texniki müdaxilələr həyata keçirilir. Gəmidəki 27 nəfər türk heyət üzvünün səhhətinin yaxşı olduğu öyrənilib", - XİN sözçüsü vurğulayıb.

O qeyd edib ki, Türkiyənin Qara dənizdəki xüsusi iqtisadi zonasında baş verən və beynəlxalq hüquqa zidd olan bu və bənzər hücumlar regionda can, mal, naviqasiya və ekoloji təhlükəsizlik baxımından ciddi risklər yaradır:

"Müharibənin Qara dəniz hövzəsinə yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə müvafiq tərəflərlə təmaslarımızı davam etdiririk".

Sözçü bildirib ki, Türkiyə regiondakı iqtisadi maraqlarını və fəaliyyətini qorumaq məqsədilə beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, bu gün Qara dənizdə türkiyəli ekipaj üzvlərinin olduğu "ALTURA" neft tankeri pilotsuz kater hücumuna məruz qalıb.

Seçilən
39
6
olke.az

7Mənbələr