Keçən il də Şuşa, Ağdam və Xankəndini ziyarət etmişdik. Bu bölgənin qısa müddətdə sürətli modernləşmə və inkişaf mərhələsini keçməsi diqqətəlayiqdir.
Bu sözləri Şuşa şəhərində AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Sinqapurdan olan səyyah Basant Sadasivan deyib.
O qeyd edib ki, digər ölkələrdə bir evin tikintisinə illərlə vaxt sərf olunduğu halda, Azərbaycanda bir ildən də az müddətdə yeni yaşayış binaları, müasir çoxmənzilli komplekslər, mağazalar, restoranlar və hotellər inşa edilib.
“Bu dinamika həqiqətən fenomenal və yüksək qiymətləndirilməyə layiqdir. Bütün bunlar Azərbaycan dövlətinin bölgəyə və öz vətəndaşlarına göstərdiyi xüsusi diqqətin, güclü siyasi iradənin və ardıcıl strategiyanın bariz nümunəsidir. Aydın şəkildə görünür ki, əsas məqsəd bu əraziləri yenidən tam yaşayış üçün əlverişli etmək və onları gələcəkdə dünyanın ən cəlbedici yaşayış məkanlarından birinə çevirməkdir. Bu inkişafı izləmək isə həqiqətən böyük məmnunluq doğurur”, - deyə Sinqapurlu səyyah bildirib.