Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Milli Məclisin sədri Sahibə Qafarovanın Çin Xalq Respublikasına həyata keçirdiyi işgüzar səfər Azərbaycanın parlament diplomatiyasının artan rolunu və Milli Məclisin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini bir daha aydın şəkildə nümayiş etdirir. Bu səfər təkcə rəsmi görüşlər və tədbirlərlə məhdudlaşmayaraq, həm də ölkəmizin qlobal proseslərə baxışının, təşəbbüskarlığının və məsuliyyətli tərəfdaş kimi çıxış etdiyinin bariz göstəricisidir.
Asiya üçün Boao Forumunun İllik Konfransı kimi nüfuzlu bir beynəlxalq platformada Azərbaycanın təmsil olunması xüsusi əhəmiyyət daşıyır. Bu forum illərdir ki, dünya siyasətçilərini, iqtisadçılarını və ekspertlərini bir araya gətirərək qlobal çağırışların müzakirəsi və həlli yollarının müəyyən olunması baxımından mühüm rol oynayır. Sahibə Qafarovanın bu mötəbər tədbirdə çıxışı Azərbaycanın beynəlxalq gündəlikdə fəal iştirakını və qlobal məsələlərə dair mövqeyinin aydın, prinsipial və konstruktiv olduğunu bir daha təsdiqlədi.
Spiker çıxışında müasir dünyada artan geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər və yeni çağırışlar fonunda dialoq və əməkdaşlığın alternativsiz olduğunu vurğuladı. Bu fikirlər Azərbaycanın xarici siyasət kursu ilə tam uzlaşır və ölkəmizin daim sülhə, sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verdiyini göstərir. Eyni zamanda, bu yanaşma Milli Məclisin beynəlxalq əlaqələrdə oynadığı rolun yalnız formal deyil, məzmun baxımından da zəngin və təsirli olduğunu ortaya qoyur.
Səfər çərçivəsində Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə keçirilən görüş parlamentlərarası münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu görüşdə səsləndirilən fikirlər və qarşılıqlı etimad mühiti Azərbaycan ilə Çin arasında əlaqələrin dərin tarixi köklərə əsaslandığını və bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha təsdiqlədi. Parlamentlərarası dialoq isə bu münasibətlərin daha da möhkəmlənməsinə, qanunvericilik təcrübəsinin paylaşılmasına və ortaq təşəbbüslərin irəli sürülməsinə geniş imkanlar yaradır.
Xüsusi vurğulanmalıdır ki, Çin kimi qlobal güc mərkəzlərindən biri ilə münasibətlərin inkişafında parlament diplomatiyasının rolu getdikcə artır. Milli Məclisin bu istiqamətdə fəallığı Azərbaycanın xarici siyasət prioritetlərinə uyğun olaraq yeni əməkdaşlıq formatlarının formalaşmasına və mövcud əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Bu isə öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasına, siyasi və iqtisadi maraqlarının daha effektiv şəkildə müdafiə olunmasına xidmət edir.
Milli Məclisin beynəlxalq platformalarda aktiv iştirakı, müxtəlif ölkələrin parlamentləri ilə qurulan əlaqələr və keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın qlobal arenada mövqelərinin güclənməsinə mühüm töhfə verir. Bu fəaliyyət nəticəsində ölkəmiz beynəlxalq dialoqun təşviqində, regional və qlobal əməkdaşlığın genişləndirilməsində etibarlı tərəfdaş kimi qəbul olunur.
Nəticə etibarilə, Sahibə Qafarovanın Çinə səfəri bir daha göstərdi ki, Milli Məclis Azərbaycanın dövlətçilik maraqlarını beynəlxalq müstəvidə uğurla təmsil edən, nüfuzlu və təsir imkanları geniş olan bir qurumdur. Parlament diplomatiyasının ardıcıl və məqsədyönlü şəkildə inkişafı isə ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirir və Azərbaycanın səsinin qlobal miqyasda daha aydın eşidilməsini təmin edir.