AZ

Ukrayna Rusiyanın neft və sənaye obyektlərini vurur Leninqrad vilayəti üçüncü gecədir hədəfdədir

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın dərinliklərinə zərbələri davam etdirir. Leninqrad vilayəti artıq üçüncü gecə ardıcıl olaraq hücuma məruz qalıb.

Ukrayna teleqram kanalları – “KiberBoroşno” və “Exilenova+” iddia edir ki, gecə saatlarında Ust-Luqa və Primorsk neft terminallarına yenidən eyni vaxtda zərbələr endirilib. Qeyd edək ki, Ukrayna ordusu bir neçə gün əvvəl də bu limanları hədəfə almışdı və həmin hücumlar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənmişdi.

Rusiya Müdafiə Nazirliyi isə martın 27-nə keçən gecə səkkiz region, eləcə də ilhaq olunmuş Krım və Qara dəniz üzərində ümumilikdə 85 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, təkcə region üzərində 36 dron zərərsizləşdirilib.

Hücumlar aviasiya sektoruna da təsirsiz ötüşməyib. Pulkovo Airport fəaliyyətində ciddi pozuntular yaranıb. Belə ki, 28 reys ləğv edilib, 50-dən çox reys gecikib, bir sıra təyyarələr ehtiyat aerodromlara yönləndirilib.

Zərbələr yalnız neft infrastrukturu ilə məhdudlaşmayıb. Vologda vilayətinin qubernatoru Georgy Filimonov Çerepovets şəhərində sənaye zonasına dron hücumu nəticəsində 8 partlayış qeydə alındığını bildirib. Sonradan isə həmin ərazidə 10 PUA-nın vurulduğunu açıqlayıb. Rəsmi məlumata görə, ciddi dağıntı və xəsarət yoxdur.

Ukrayna mənbələri hücumun əsas hədəflərindən birinin Apatit şirkəti olduğunu iddia edir. Bu müəssisə Avropanın ən böyük fosfor tərkibli gübrə istehsalçılarından biri hesab olunur.

Eyni zamanda OSINT təhlillərinə əsaslanan məlumatlarda Severstal metallurgiya nəhənginin də hədəf alındığı bildirilir. İddialara görə, dronlardan biri zavodun domna sexinə düşüb. Sosial şəbəkələrdə yerli sakinlər partlayış səslərini eşitdiklərini təsdiqləsələr də, hava hücumu ilə bağlı heç bir xəbərdarlıq – nə sirena, nə də SMS bildirişi almadıqlarını bildirirlər.

"Reuters" agentliyinin məlumatına görə, Ukraynanın dron hücumları, tanker insidentləri və “Drujba” neft kəmərinin fəaliyyətinin dayanması nəticəsində Rusiyanın neft ixrac gücünün azı 40 faizi sıradan çıxarılıb. Bu, gündəlik təxminən 2 milyon barel itki deməkdir.

Baş verənlər göstərir ki, Ukrayna artıq yalnız cəbhə xətti ilə kifayətlənmir və Rusiyanın iqtisadi-strateji obyektlərini sistemli şəkildə hədəfə alır. Bu taktika Moskvanın enerji gəlirlərinə və sənaye potensialına birbaşa təsir etməklə müharibənin gedişinə yeni dinamika qazandırır.

Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdakı dövrdə Rusiya ərazisinin dərinliklərinə yönələn bu cür hücumların intensivliyi daha da arta bilər.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
azpolitika.info

1Mənbələr