AZ

“Fizika dərslikləri sadələşdirilməlidir” Şagirdlər çətinlik çəkir

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Müasir təhsil sistemində fizika fənni şagirdlərin məntiqi düşünmə, analiz və problem həll etmə bacarıqlarını formalaşdıran əsas sahələrdən biridir. Lakin Azərbaycan dərslikləri səviyyəsində aparılan müşahidələrimə əsasən subyektiv olaraq deyə bilərəm ki, bəzi mövzular şagirdlər tərəfindən daha çətin mənimsənilir və bu çətinliklərin əsas səbəbi mövzuların özündən çox, onların təqdimat üsulu ilə bağlıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri azedu.az-a açıqlamasında fizika müəllimi, “Örnək müəllim” tituluna layiq görülmüş Təhminə Hüseynova bildirib. 

O, qeyd edib ki, problem əsasən mövzuların seçimi ilə deyil, onların təqdim olunma forması ilə bağlıdır:

"Ən çox çətinlik yaradan mövzular sırasında elektrik, mexanika (xüsusilə qrafiklər və dinamika), optika və enerji bölmələri xüsusi yer tutur. Elektrik mövzusunda şagirdlər cərəyan, gərginlik və müqavimət kimi anlayışları təsəvvür etməkdə çətinlik çəkirlər. Bunun əsas səbəbi həmin proseslərin müşahidə olunmaması və dərsliklərdə izahların daha çox nəzəri xarakter daşımasıdır. Mexanika bölməsində isə qrafiklərin şərhi və fiziki kəmiyyətlər arasındakı əlaqələrin qurulması şagirdlər üçün mürəkkəb görünür. Optika mövzusunda şüa diaqramlarının qavranılması, enerji bölməsində isə anlayışların gündəlik dillə fərqli mənada işlənməsi əlavə çətinliklər yaradır.

Müşahidələr göstərir ki, problem əsasən mövzuların seçimi ilə deyil, onların təqdim olunma forması ilə bağlıdır. Mövcud dərsliklərdə nəzəri izahların üstünlük təşkil etməsi, real həyatla əlaqənin zəif qurulması və vizual materiallardan yetərincə effektiv istifadə olunmaması şagirdlərin mövzunu dərindən qavramasına mane olur. Eyni zamanda izah hissəsi ilə tapşırıqların çətinlik səviyyəsi arasında uyğunsuzluq da şagirdlərin motivasiyasına mənfi təsir göstərir".

Fizika dərsliklərində mövzuların çıxarılmasına deyil, daha çox sadələşdirilməsinə və mərhələli şəkildə təqdim olunmasına ehtiyac var:

"Bu baxımdan hesab edirəm ki, fizika dərsliklərində mövzuların çıxarılmasına deyil, daha çox sadələşdirilməsinə və mərhələli şəkildə təqdim olunmasına ehtiyac var. Xüsusilə elektrik və optika kimi abstrakt mövzular daha sadə dillə, gündəlik həyat nümunələri və vizual vasitələrdən istifadə olunmaqla izah edilməlidir. Mexanika bölməsində qrafiklərin öyrədilməsi isə ayrıca və sistemli şəkildə, addım-addım təhlil bacarıqları formalaşdırılaraq aparılmalıdır.

Nəticə etibarilə, fizika tədrisinin əsas məqsədi şagirdə yalnız formulları öyrətmək deyil, həmin formulların arxasında duran məntiqi anlamağa kömək etməkdir. Dərsliklərin daha praktik, vizual və şagirdyönümlü şəkildə təkmilləşdirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər və şagirdlərin fizika fənninə marağının artmasına ciddi təsir göstərər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
redaktor.az

3Mənbələr