Biləsuvarda “Nissan Sunny” markalı avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Cəbrayılın Horovlu kənd sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi minik avtomobili qəfil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal rayon xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini yüngül qiymətləndirirlər.
Xoşbəxtlikdən, hadisə zamanı avtomobildə olan sürücünün gəlini və üç azyaşlı nəvəsi ciddi deformasiyaya uğrayan maşından xəsarət almadan qurtula biliblər.
Faktla bağlı araşdırma aparılır.