Birləşmiş Millətlər Təşkilatı (BMT) Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini bərpa etmək məqsədilə xüsusi işçi qrupu formalaşdırıb.
Musavat.com xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Düjarrik rəsmi məlumat yayıb.
Düjarrikin sözlərinə görə, Baş katib Hörmüz boğazında humanitar ehtiyacların ödənilməsinə yönəlmiş xüsusi texniki mexanizmlərin hazırlanması üçün xüsusi hədəf qrupu təsis edib.
Təşkilatın rəsmi saytında yer alan bəyanatda qeyd olunur ki, bu addım bölgədəki gərginliyin dəniz ticarətinə vurduğu zərbəni minimuma endirmək məqsədi daşıyır.
Yaxın Şərqdə genişlənən münaqişənin dəniz ticarətində ciddi fasilələrə səbəb olduğunu vurğulayan Düjarrik, boğazdakı blokadanın ağır nəticələri barədə xəbərdarlıq edib.
Bildirilib ki, dəniz yolunun bağlanması yaxın aylarda qlobal miqyasda humanitar ehtiyacların ödənilməsində və kənd təsərrüfatı istehsalında kritik problemlərə yol aça bilər.
BMT bu mexanizm vasitəsilə kritik qida və tibbi ləvazimatların daşınmasını təmin etməyə çalışır.
Musavat.com