Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Sent Lüsiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəliblər.
Millimiz bu görüşdə 6:1 hesablı qələbəyə sevinib. Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:
“Bu gün yağışlı havada bizi tək qoymayan azarkeşləri təbrik edirəm. Belə havada oynamaq çətin idi. Meydança ağırlaşdığından, hər iki komanda çətinlik çəkirdi. Erkən qol vurmaq istəyirdik və buna nail olduq. Özümüzə inam baxımından bu qalibiyyət sevindiricidir. Syerra Leone ilə matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, Azərbaycan millisi bu turnir çərçivəsində növbəti oyununu martın 30-da Syerra Leone yığmasına qarşı keçirəcək.
