AZ

Con Storn: “Azərbaycan millisindən bu qədər qol buraxmaq istəməzdik” – ARENA.AZ

Futbol üzrə Sent Lüsiya yığma komandasının baş məşqçisi Con Storn Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəliblər.

Millimiz bu görüşdə 6:1 hesablı qələbəyə sevinib. Con Stron oyundan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:

“Belə nəticəni gözləmirdim. İlk dəqiqələrdə qapımıza penalti təyin olundu. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə səhv edirsənsə, mütləq şəkildə cəzalanacaqsan. Nəticə məyusedicidir. Bura gələnə kimi 4 uçuş keçirmişik. İki yoldaşlıq oyunu olacaqdı. Hər bir halda, təcrübə qazandıq. Avropa komandasına qarşı oynadıq. Bir oyun keçirmək bizi məyus edir. Burada daha bir oyuna çıxmağımız bizim üçün yaxşı olardı.

Azərbaycan millisi yaxşı təşkilatlanmış komandadır, topla yaxşı davranırlar. Oyundan əvvəl də demişdim ki, bu matça ciddi yanaşmalıyıq. Azərbaycan Avropa komandasıdır və Fransa, Ukrayna kimi top komandalara qarşı mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdik.

Rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik. Bir neçə ay bundan əvvəl oyunun olacağını bilirdik və təhlillər aparmışdıq. Məğlubiyyətə görə yox, buraxılan qol sayına görə məyusam. Gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Evə qayıdandan sonra başladığımız yola davam edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
2
50
arena.az

10Mənbələr