Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana hücumları ilə başlayan savaşdan danışıb.
NOCOMMENT.az xəbər verir ki, Ərdoğan bu barədə Dünya İqtisadi Forumunun Türkiyə Ölkə Strategiyası Toplantısında çıxışında söz açıb.
O bildirib:
“Artıq bir aydır regionumuzu dərindən sarsıdan bu mənasız, qanunsuz və lazımsız müharibənin bədəlini təkcə münaqişə tərəfləri deyil, bütün bəşəriyyət ödəyir”.
Ərdoğan vurğulayıb ki, son illərdə qlobal iqtisadiyyat pandemiyadan sonrakı bərpa prosesi, yaşıl və rəqəmsal transformasiya, artan ticarət gərginlikləri və geosiyasi hadisələrin təsiri altında formalaşır. Onun sözlərinə görə, müharibənin təsirləri enerji bazarlarından tutmuş istehsal, informasiya texnologiyaları, nəqliyyat və ticarət şəbəkələrinə qədər geniş sahələrdə bütün dünyada hiss olunur:
“Diplomatiya və dialoq yolu ilə ortaq məxrəcə gəlmək imkanı olduğu halda bu yolların sabotaj edilməsi nəticəsində yaranan yükü biz bəşəriyyət olaraq birlikdə daşıyırıq”.
Prezident qeyd edib ki, əgər münaqişələr dayandırılmasa, ödəniləcək bədəl daha da artacaq:
“Coğrafi məsafə bu prosesdə əhəmiyyətini itirəcək. Hətta müxtəlif qitələrdə yerləşən ölkələr xüsusilə enerji sahəsində daha ciddi təsirlərlə üzləşəcək”.
Ərdoğan bildirib ki, qlobal risk təhlilləri beynəlxalq sistemin daha kövrək bir mərhələyə daxil olduğunu göstərir:
“Bu yeni dövrdə dünya iqtisadi nizamı bir çox istiqamətdən təhdid altındadır. Enerji təhlükəsizliyi, təchizat zəncirlərinin zəifləməsi, beynəlxalq ticarət rejiminin aşınması və proteksionist siyasətlərin artması qlobal iqtisadi sabitliyi daha da zəiflədir”./Musavat.com/