AZ

İran Türkiyədə oynadı, futbolçular müharibəyə etiraz etdilər

Dünən Avropada baş tutan yoxlama oyunlarından biri Türkiyənin Antalya şəhərində keçirilib.

"Football-plus.az" xəbər verir ki, ''Titanic Mardan Palace'' İdman kompleksinin stadionunda Nigeriya və İran yığmaları üz-üzə gəlib.

Qeyd edək ki, bu oyunun əvvəlcədən İordaniyanın paytaxtı Əmmanda keçirilməsi planlaşdırılırdı. Amma Yaxın Şərqdə yaşanan məlum gərginlik üzündən daha sonra hər iki komanda Antalyada oynamağa razılıq verib. İranlı futbolçuların oyuna qara sarğı, eləcə də qızlar üçün nəzərdə tutulan məktəbli çantaları ilə çıxmaları diqqət çəkib. Futbolçular bu şəkildə ölkələrində davam edən müharibəyə etiraz ediblər. İranın himni səslənərkən hər futbolçu əlindəki çantanı qarşısında yerə qoyub.

Viktor Osimhenin yer almadığı qarşılaşma Nigeriyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Afrikalıların qollarını 6-cı dəqiqədə Moyzes Simon, 52-ci dəqiqədə Akor Adams vurub. İranın yeganə qolunu isə 67-ci dəqiqədə təcrübəli Mehdi Taremi vurub.

Martın 31-də İran Kosta Rika ilə, Nigeriya isə İordaniya ilə qarşılaşacaq. Bu oyunlar da Antalyada keçiriləcək.

Seçilən
65
football-plus.az

1Mənbələr