AZ

Fransa sursat ehtiyatlarını bərpa etmək üçün yeni mexanizm üzərində işləyir

Paris, 28 mart, AZƏRTAC

Büdcə məhdudiyyətləri fonunda Fransa hökuməti sifarişləri və istehsalı sürətləndirmək üçün xüsusi struktur yaratmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Fransa beynəlxalq böhranların təsiri altında azalan sursat ehtiyatlarını sürətlə bərpa etmək məqsədilə özəl investorların cəlb olunmasını nəzərdən keçirir, hökumət bu istiqamətdə yeni mexanizm üzərində işləyir.

“Le Monde” qəzetinin yaydığı xəbərə əsasən, icra hakimiyyəti “France Munitions” adlı yeni qurumun yaradılmasını planlaşdırır. Bu struktur dövlət adından müdafiə sənayesi şirkətlərinə iri həcmli sifarişlər verən vasitəçi rolunu oynayacaq.

Layihənin əsas məqsədi iki əsas problemi həll etməkdir. Belə ki, bir tərəfdən hərbi ehtiyaclar Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda sürətlə artır, digər tərəfdən isə büdcə imkanları məhdud olaraq qalır.

Baş nazir Sebastyən Lökornü Milli Assambleyada çıxışı zamanı bu vəziyyəti belə ifadə edib: “Təcili məsələ sursatdır”.

Planlaşdırılan mexanizm sifarişlərin kütləviləşdirilməsinə və sənaye istehsalının sürətləndirilməsinə imkan verəcək. Matignonun açıqlamasına görə, bu qurum böyük həcmdə “Aster” və “Mistral” kimi raketlər sifariş edə bilər. Bu yanaşma istehsalçıların yeni istehsal xətlərini açması üçün tələb olunan sənaye həddinə çatmağa kömək edəcək. Dövlət isə sonradan bu sursatları öz ehtiyaclarına və maliyyə imkanlarına uyğun şəkildə mərhələli şəkildə geri alacaq. Layihə böhran vəziyyətlərində tez istifadə oluna biləcək ehtiyat fondunun yaradılmasını da nəzərdə tutur.

Məlumata görə, artıq bəzi özəl investorlar bu cür mexanizmə maraq göstəriblər. Bu yanaşma mülki sektorda istifadə olunan maliyyə mexanizmlərinə, həmçinin son dövrlərdə Amerika Birləşmiş Ştatlarının müdafiə sektorunda tətbiq edilən modellərə bənzəyir. Məqsəd maliyyə və logistika risklərinin bir hissəsini ayrıca struktura ötürməklə istehsal prosesini sürətləndirməkdir. Bununla belə, sənaye məhdudiyyətləri qalmaqdadır. İstehsal müddətləri, hətta Ukrayna müharibəsindən sonra qısaldılsa da, bəzi avadanlıqlar üçün hələ də uzundur və bu, ehtiyatların sürətlə bərpasını çətinləşdirir.

Bu təşəbbüs Fransa üçün artan təhlükəsizlik çağırışları fonunda müdafiə imkanlarını gücləndirmək istiqamətində yeni yanaşma kimi qiymətləndirilir.

Seçilən
19
1
azertag.az

2Mənbələr