AZ

Azərbaycan regional gündəliyin formalaşmasında mühüm rol oynayır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cənubi Qafqaz regionu tarixən mürəkkəb siyasi münasibətlər, geosiyasi rəqabət və iqtisadi maraqların toqquşduğu məkan olub. Son illərdə isə regionda baş verən siyasi və iqtisadi dəyişikliklər yeni reallıqlar formalaşdırıb. Xüsusilə də Azərbaycan regional təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat layihələri sahəsində aktiv siyasət yürüdərək öz mövqeyini daha da gücləndirib. Bu proseslər nəticəsində ölkə yalnız milli maraqlarını təmin etməklə kifayətlənmir, həm də Cənubi Qafqaz regionunda sabitliyin qorunması və əməkdaşlıq mühitinin formalaşdırılmasında əsas aktorlardan birinə çevrilir. Enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və diplomatik təşəbbüslər Azərbaycanın regional gündəliyin formalaşmasında mühüm rol oynadığını göstərir.Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Cənubi Qafqazda artıq əsas regional aktor kimi öz mövqeyini möhkəmləndirib:“Bu, ilk növbədə ikinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və ərazi bütövlüyünü təmin etməsi ilə bağlıdır. Həmçinin Ermənistanla aparılan ikitərəfli danışıqların müsbət istiqamətdə irəliləməsi və regionda sabitlik və sülhün təşviqi ölkənin nüfuzunu artıran amillərdən biridir. Bu uğurlar Azərbaycanın Cənubi Qafqazda həm siyasi, həm də diplomatik baxımdan əsas aktorlardan biri olduğunu göstərir. Bununla yanaşı, Azərbaycan regiondaxili və beynəlxalq əməkdaşlığa da önəmli töhfələr verir. Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin inkişafı, Azərbaycan üzərindən Orta dəhlizin həyata keçirilməsi və bu ölkələrin qərblə əməkdaşlıqda Azərbaycanı platforma kimi istifadə etməsi, ölkənin strateji əhəmiyyətini daha da artırır. Bu tranzit rolu həm hava, həm də quru nəqliyyatı vasitəsilə həyata keçirilir və Azərbaycanın regionda siyasi sabitlik və təhlükəsizlik qarantı kimi çıxış etməsinə imkan yaradır”.O bildirib ki, Azərbaycanın beynəlxalq təsir gücünü artıran digər faktorlar isə enerji və nəqliyyat layihələridir:“Cənub qaz dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda gələcəkdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi, Orta dəhliz, həmçinin fiber-optik və yaşıl enerji layihələri Azərbaycanın nəqliyyat və enerji tranzit ölkəsi kimi əhəmiyyətini daha da möhkəmləndirir. Bütün bu amillər göstərir ki, Azərbaycan təkcə regional deyil, həm də Avrasiya səviyyəsində strateji aktora çevrilmək imkanına malikdir. Bu uğurların arxasında dayanan əsas səbəb düzgün və məqsədyönlü xarici siyasətdir ki, o, Azərbaycanın beynəlxalq arenada təsir gücünü artırır, ölkənin həm iqtisadi, həm də siyasi mövqeyini möhkəmləndirir”.Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda aparıcı aktora çevrilməsi bir neçə fundamental amilin sintezi nəticəsində mümkün olub:“Bunların başında zəngin karbohidrogen ehtiyatlarının düzgün idarə edilməsi və bu resursların qlobal enerji təhlükəsizliyinə inteqrasiyası dayanır. Ölkənin coğrafi mövqeyi  Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən təbii qovşaqda yerləşməsi Bakını beynəlxalq logistik mərkəzə çevirib. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr isə Azərbaycanın iqtisadi müstəqilliyini siyasi nüfuzla möhkəmləndirib. 44 günlük müharibədən sonra regionda yaranmış yeni hərbi-siyasi reallıqlar Azərbaycanın daxili sabitliyini və hərbi qüdrətini regional təhlükəsizliyin əsas qarantlarından birinə çevirib. Müstəqil xarici siyasət kursu və balanslaşdırılmış diplomatiya ölkəyə həm regional güclərlə, həm də qlobal oyunçularla bərabərhüquqlu tərəfdaşlıq qurmaq imkanı tanımışdır”. O qeyd edib ki, gələcəkdə Azərbaycanın bu siyasi və iqtisadi təsirinin daha da artması Cənubi Qafqazın parçalanmış bir zonadan vahid iqtisadi məkana keçidini sürətləndirəcəkdir:“Bu proses xüsusilə Zəngəzur dəhlizi kimi nəqliyyat kommunikasiyalarının açılması ilə regionun dünya ticarətindəki payını artıracaq. Ermənistanın da daxil ola biləcəyi çoxtərəfli əməkdaşlıq formatları vasitəsilə uzunmüddətli sülhün təməlini qoyacaqdır. Azərbaycanın artan təsiri həmçinin Avropanın enerji diversifikasiyasında Xəzər regionunun rolunu kritik həddə çatdıracaq və "yaşıl enerji" ixracı ilə bağlı təşəbbüslər regionu ekoloji innovasiyalar mərkəzinə çevirəcəkdir. Azərbaycanın liderliyi regionda kənar müdaxilələrin azaldılmasına, lokal problemlərin regional dialoq vasitəsilə həllinə və Cənubi Qafqazın rəqabət meydanından çox, qarşılıqlı rifah zonasına çevrilməsinə xidmət edəcəkdir”.Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
demokrat.az

1Mənbələr