AZ

17 “O”lu qol sevinci - Sent-Lusiyanın qonşularını da dəvət edək!

Xəbərim yox idi, bir də eşitdim ki, qonşudan, uzaqlardan bir uzun “qoooooooooooooooool” nidası yüksəldi.

Dedim, ilin-günün bu vaxtında bu, nə qoldur belə.

Düşündüm ki, hər nədirsə, bu, azarkeşlik edən icmalçının hayqırtısıdır.

Düzdür, son vaxtlar idman şərhçilərimiz, tez-tez doğma, əziz Türkiyənin klublarının qapısına qol vurulanda da bu sayaq çığırır, sevinc-fərəh nidası qoparırlar, amma qonşudan gələn “qooooooooooooooool” (“o”-ların sayı beş aşağı, beş yuxarı ola bilər, qüsura baxmayın) sədası çox doğma gəldi.

Zənnim məni aldatmadı, 30-40 saniyənin içində qol sevincinin qaynağını tapdım, gördüm ki, Sent-Lusiya adlı ölkənin milli komandasının qapısına qol vurmuşuq.

Çox fərəhdoğurucu idi, aylardan sonra biz də nəhayət, şeytanın diz bağlarına travma yetirmiş, rəqib qapısına penaltidən də olsa qol vurmuşduq. Görməmişin oğlu olanda necə “oğlum oldu, oğlum!” deyə qışqırarsa, bizimki də bir az ona oxşayırdı. Amma şükür eləmək lazım idi. Nəhayətdə, rəqibin qapısına daha 5 qol vuraraq, həm sübut etdik ki, penalti qolu təsadüfi deyilmiş, həm də tariximizdə ilk böyük hesablı qələbəmizi qazandıq,

Bircə problem vardı ki, ölkəmizin azarkeşlərinin 99,99 faizi Sent-Lusiya adlı ölkəni tanımırdı. Təvazökarlıqdan Trinidad-Tobaqo qədər uzaq olsa da, deyim ki, mən hələ 9-cu sinifdə oxuyanda dünyanın 150-yə yaxın ölkəsinin (o vaxt o qədər idi) harada yerləşdiyini, eləcə də paytaxtlarını əzbərdən bilirdim (indi də bilirəm), amma Sent-Lusiyanın harada olduğunu bilmirdim. Bir-iki dəfə adı hansısa reytinq cədvəllərində Tuvalu, Vanuatu, Kapo-Verde ilə yanaşı qarşıma çıxmışdı, amma önəm verməmişdim. Nə biləydim ki, bu ölkənin futbolçuları bir gün gəlib bizi xoşbəxt edəcəklər, futbolçularımıza özünəinam hissi aşılayacaqlar.

Ona görə də bu ölkə haqqında daha çox bilgi toplamaq üçün dünən gecə Google-də axtarış verdim. Ancaq bir hərfi düz yazmamışdım, “Sent-Luis” yazmışdım deyə önümə Meksikadakı Sent-Luis şəhəri haqqında məlumatlar çıxdı. Yenidən cəhd elədim və gözəl Sent-Lusiya ölkəsinin vikipediyasını tapdım.

aaaaa.JPG

Bu, Atlantik okeanının Karib dənizindəki bir boyda ada-dövlətlərin sırasında yerləşən, amma adı dünya xəritəsində ərazisinin üstünə yerləşməyən bir ölkədir. Sent-Lusiyanın sahəsi 616 kvadrat kilometrdir (dünyada 177-ci yer). Müqayisə üçün deyim ki, o vaxt Hacıbala müəllimin Bakıda satdığı torpaqların sotunu toplasaq, bundan çox edər.

Paytaxtı Kastri şəhəri ölkənin əhalisi 180 min nəfərdir. Yenə müqayisə edəsi olsaq – Yasamalın əhalisindən 10-15 min nəfər az.

Sent-Lusiyanın bizimlə müqayisədə bir üstünlüyü var ki, dövlət müstəqilliyini bizdən 12 il əvvəl qazanıb, Böyük Britaniyadan qurtulub. Sent-lusiyalılar sağ əllərini ürəklərinin üstünə qoyaraq, qürur duya-duya öz milli himnlərini (“Sons and Daughters of Saint Lucia”) oxuyanda bizim ölkənin oğulları və qızları “Xariqələr yaradır el Sumqayıtda” şərqisi oxuyur, bir beşillikdə iki beşillik plan yerinə yetirir, ayrıca SSRİ adlanan Rusiya imperiyasına 1 milyon ton “ağ qızıl”, 3 milyon ton üzüm verirdi. Neftin haqq-hesabını necə aparırdılarsa, bilmirdik, sadəcə, sonradan öyrəndik ki, neftdən qazanılan hər 100 rubldan 6-7-si bizə qalıb, 94-ü “azad ellərdə ömürlük dost ailəsi yaratmış möhtəşəm Rus diyarı”na gedib.

Amma mövzumuz bu deyil, Sent-Lusiyanın futbol komandasına qalib gəlməyimiz, əsasən də buna görə böyük qürur duymağımızdır.

Əsl azarkeşlərin fikrincə, cəmi əhalisi 180 min olan bir ölkənin komandasına qalib gələrkən “qol” sözündə 17 dənə “O” hərfi düzməyin yeri yoxdur, hətta əksinə, sakitcə “qol” deyə pıçıldamaq kifayətdir.

Bir azarkeş də deyir ki, sent-lusyalılar geyimlərindən və boy-buxunlarından braziliyalılara oxşayılar, guya bizimkilər bir balaca boş tərpənsələr, qonaqlar qapımıza çoxlu qol vurar, araya qanqaraçılıq salarmışlar.

Amma altıncı hissim deyir ki, onları buraya dəvət edənlər, xərclərini çəkənlər qonaqların problem yaratmayacaqlarını öncədən biliblər. Demirəm ki, oyun danışılıb, nəticə razılaşdırılıb, amma əminəm ki, bizimkilər Sent-Lusiya millisinin gücünə bələd imişlər.

Hiss olunur ki, onlar da ölkəmizə həvəslə gəliblər. Uzaq Qafqaz ölkəsinə, eksotik bir diyara turist səfərinin nəyi pisdir? “Gəzməyə qürbət ölkə” məsələsi.

Ona görə də yəqin ki, qonaqlar acı məğlubiyyətə baxmayaraq, ölkəmizdən məmnun gedəcəklər, gedib qonaqpərvərliyimizdən ağız dolusu danışacaqlar, gələn il yenə gəlmək istəyəcəklər.

Bizə belə qələbələr çox lazımdır. Yazının ortasında paylaşdığım şəkilə diqqətlə baxın, orda Sent-Lusiya ilə qonşu olan xeyli ölkənin adı var: Qvadelupa, Anqtiqua və Barbuda, Dominik, Sent-Vinsent və Qrenadina, Barbados, Qrenada, Martinika və s. Onların hamısını bir-bir Bakıda qonaq edib və udub yola salmaq olar.

Samir SARI

Seçilən
12
1
sportinfo.az

10Mənbələr