AZ

Hörmüz gərginliyi benzini BAHALAŞDIRIR – Azərbaycanı NƏ GÖZLƏYİR?

Hörmüz boğazı ətrafında artan geosiyasi gərginlik və naviqasiya çətinlikləri dünya enerji bazarlarında “domino effekti” yaradaraq qiymətləri rekord həddə çatdırıb. Xüsusilə neft idxalından asılı olan ölkələrdə yanacaqdoldurma məntəqələrindəki rəqəmlər istehlakçılar üçün ciddi sınağa çevrilib.

Tədarük zəncirindəki qırılmalar artıq rəqəmlərdə özünü büruzə verir. ABŞ-da mart ayı ərzində bir qallon benzinin orta qiyməti 2.81 dollardan 3.98 dollara yüksəlib, bəzi ştatlarda isə bu göstərici 4.6 dolları ötüb. Analoji vəziyyət Avropada da hökm sürür; litri 1.78 avroya qalxan yanacaq qiyməti bəzi İttifaq ölkələrində artıq 2 avroluq psixoloji səddi keçib.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, Hörmüz boğazı qlobal neft ticarətinin “şah damarı” sayıldığı üçün buradakı hər hansı risk birbaşa dünya birjalarına təsir edir:

“Dünya bazarında xam neftin qiymətinin artması avtomatik olaraq emal məhsullarının, xüsusən də benzinin maya dəyərini yüksəldir. ABŞ və Avropadakı kəskin artımlar göstərir ki, logistik marşrutların təhlükəsizliyi təmin olunmadıqca, inflyasiya təzyiqi qaçılmazdır. Azərbaycan üçün isə bu vəziyyət ikitərəflidir. Bir tərəfdən, xam neft ixracatçısı olduğumuz üçün qiymətlərin artması dövlət büdcəsinə və Neft Fonduna planlaşdırılandan daha çox vəsaitin daxil olması deməkdir. Bu, makroiqtisadi sabitliyimiz üçün əlavə ‘təhlükəsizlik yastığı’ yaradır.”

Onun sözlərinə görə, daxili bazarda yanacaq təminatı ilə bağlı risklər az olsa da, dolayı təsirlər qaçılmazdır:

“Azərbaycan öz yanacaq tələbatını əsasən daxili istehsal hesabına ödəyir, bu da bizi birbaşa yanacaq qıtlığı riskinden sığortalayır. Lakin qlobal logistika xərclərinin artması idxal etdiyimiz digər məhsulların — xüsusən də ərzaq və texnologiyanın qiymətinə ‘idxal edilmiş inflyasiya’ şəklində təsir edə bilər. Digər tərəfdən, Hörmüz boğazı kimi marşrutların riskli hala gəlməsi Azərbaycanın mərkəzi fiqur olduğu Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır və ölkəmizi qlobal təchizat zəncirində daha etibarlı tranzit mərkəzinə çevirir”.

Tunar
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr