AZ

Məhkəmələrdə kredit müqavilələri ilə bağlı mübahisələr artıb

2025-ci ildə Azərbaycanda Ali Məhkəmənin Kommersiya Kollegiyası üzrə baxılmış mülki işlərin böyük hissəsini müqavilə münasibətlərindən irəli gələn mübahisələr təşkil edib.

Bu, Ali Məhkəmənin 2025-ci ilə dair fəaliyyət hesabatında öz əksini tapıb.

Hesabata görə, ötən il Kommersiya Kollegiyası üzrə ümumilikdə 614 işə baxılıb ki, bu da 2024-cü illə müqayisədə (2024-cü ildə 542 iş) artım deməkdir. İşlərin əsas hissəsi müqavilə münasibətlərindən irəli gələn mübahisələrdən ibarət olub. Belə ki, bu kateqoriya üzrə 418 iş qeydə alınıb və ümumi işlərin 68,1 faizini təşkil edib. 2024-cü ildə isə bu göstərici 366 iş və ya 68 faiz olub.

Müqavilə mübahisələri arasında ən çox artım kredit müqavilələri üzrə müşahidə olunub. Bu sahədə işlərin sayı 111-dən 151-ə yüksəlib. Eyni zamanda, icarə müqavilələri üzrə mübahisələr də 46-dan 61-ə artıb. Bununla yanaşı, alqı-satqı müqavilələri üzrə mübahisələr 107-dən 102-yə, podrat müqavilələri üzrə isə 40-dan 29-a enib. Digər müqavilələrdən irəli gələn mübahisələrdə də artım qeydə alınaraq 32-dən 40-a yüksəlib.

Digər kateqoriyalar üzrə isə mülkiyyət hüququ ilə bağlı mübahisələr 27-dən 29-a, torpaq münasibətlərindən irəli gələn mübahisələr 8-dən 12-yə yüksəlib. Korporativ mübahisələrin sayı dəyişməyərək 18 olaraq qalıb. Əksinə, təbii inhisar subyektlərinin iştirakı ilə bağlı mübahisələr 33-dən 20-yə enib. Kommersiya mübahisələri isə 54-dən 73-ə yüksəlib.

Hesabatda qeyd olunur ki, müflisləşmə ilə bağlı mübahisələr 2024-cü ildən fərqli olaraq, 2025-ci ildə qeydə alınıb və bu sahədə ümumilikdə 3 işə baxılıb. Baxılan işlərdən 1-i ləğv edilib. Bununla yanaşı, xüsusi icraat qaydasında baxılan işlərin sayı da 35-dən 39-a yüksəlib.

Ümumilikdə, 2025-ci ildə Kommersiya Kollegiyası çərçivəsində baxılmış işlər üzrə 111 qərar ləğv edilib ki, bu da bütün işlərin 18 faizini təşkil edir.

MənbəMODERN.AZ
Seçilən
9
1
banker.az

2Mənbələr