AZ

Hörmüzlə bağlı SENSASİON TƏHLİL: SEPAH beynəlxalq suları necə "özəl mülkünə" çevirdi?

Avstraliyalı yazıçı və tədqiqatçı Tim Anderson "X" hesabənda Hörmüz boğazındakı mövcud vəziyyətlə bağlı diqqətçəkən faktlar paylaşıb.

Musavat.com "Farhikhtegan" nəşrinə istinadən xəbər verir ki, tədqiqatçının qənaətinə görə, Hörmüz boğazı bağlanmayıb, lakin SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) beynəlxalq su yolunun 21 millik hissəsini icazə rejiminin, rüsumların və təsdiq prosesinin tətbiq olunduğu xüsusi bir "keçid məntəqəsinə" çevirib.

Anderson qeyd edir ki, boğazda gəmilərin hərəkəti 70-80% azalsa da, hər gün keçid edən az sayda neft tankeri SEPAH-ın icazəsi ilə hərəkət edir.

İran

Bu gəmilər keçid üçün gəmi başına 2-4 milyon dollar arasında rüsum ödəyirlər. Ödənişlər isə ABŞ dolları ilə deyil, Çin yuanı və ya "Tron" şəbəkəsi üzərindən USDT (kriptovalyuta) ilə həyata keçirilir.

Bu proses artıq sənədləşdirilmiş formadadır. Belə ki, tanker operatoru SEPAH ilə əlaqəli vasitəçiyə gəminin mülkiyyətindən tutmuş heyət siyahısına qədər bütün məlumatları təqdim edir. Yoxlamadan keçən ABŞ və ya İsraillə əlaqəsi olmayan gəmilərə xüsusi VHF radio icazəsi verilir.

Təhlildə vurğulanır ki, Çin, Hindistan, Pakistan, Türkiyə və Rusiya ilə əlaqəli "kölgə donanması" bu sistemdən aktiv istifadə edir.

İranın

Bəzi ölkələr geosiyasi müttəfiqliyə görə güzəştlər əldə edir, bəziləri isə tam ödəniş edir. Ən maraqlı məqam isə beynəlxalq sığorta bazarının bu vəziyyətə uyğunlaşmasıdır.

Paylaşımda qeyd olunur ki, "Lloyd’s of London" kimi nəhəng sığorta şirkətləri standart sığortaları ləğv etsələr də, SEPAH-dan icazə alan gəmilərin risk faktorunu daha aşağı qiymətləndirirlər. Yəni, SEPAH-ın icazəsi faktiki olaraq dənizdə təhlükəsizlik zəmanəti kimi qəbul edilir. Müharibə riski üzrə sığorta haqları gəminin dəyərinin 5 faizinə qədər yüksəlib. 

Tədqiqatçı hesab edir ki, bu sistem qlobal "dollarsızlaşma" (dedollarization) prosesinin tərkib hissəsidir. Yuan və kriptovalyuta ilə edilən hər ödəniş SWIFT sistemindən və sanksiyalardan yan keçmək deməkdir. Hazırda İran parlamenti bu rüsumları "təhlükəsizlik təzminatı" adı altında rəsmiləşdirmək üçün qanun layihəsi hazırlayır.

Əgər bu qanun qəbul edilərsə, boğazdakı müvəqqəti rüsum rejimi suveren hüquqi çərçivəyə daxil olacaq.

Son olaraq Anderson qeyd edir ki, boğaz yalnız rüsumu ödəyən, SEPAH-ın təsdiqini alan və tələb olunan valyuta ilə hesablaşanlar üçün açıqdır, digərləri isə sığorta tapa bilmədikləri üçün boğazın girişində gözləməli olurlar.

İqbal RZAYEV,
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr