Futbol üzrə Braziliya milli komandasının sabiq hücumçusu, 41 yaşlı Vaqner Lav aktiv futbolçu karyerasının sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu son matçında qol da vurmağı bacarıb.
O, Braziliyada Nodersdet kubokunda “Retro”nun heyətində “Seara”ya qarşı (3:1) görüşdə 94-cü dəqiqədə rəqib qapısına yol tapıb. Bu qol onun karyerasındakı 423-cü qol kimi tarixə düşüb.
Vaqner Lav karyerası ərzində “Sport Resife”, “Avai”, “Atletiko Qoyanense”, “Kayrat”, “Korintians”, “Beşiktaş”, “Alanyaspor”, “Midtyulland”, “Monako”, “Şandonq Lunenq”, ÇSKA (Moskva), “Flamenqo” və “Palmeyras” klublarının da formasını geyinib. O, 2025-ci ilin yayında anlaşdığı “Retro”nun heyətində bütövlükdə 24 oyun keçirib, 5 qol vurub.
Hücumçu Braziliya yığmasında keçirdiyi 20 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Millinin heyətində iki dəfə Amerika Kubokunun qalibi olmuş Lav, klub karyerasındakı əsas uğurlarına da ÇSKA və “Kayrat”ın heyətində nail olub.
