AZ

Məşqçi və zəhmətin bəhrəsi: Sumqayıt gimnastından böyük nailiyyət -Foto

Sumqayıtın gənc və istedadlı gimnastı Zeynəb Paşayeva növbəti uğuru ilə diqqət mərkəzinə düşüb. Milli Gimnastika Arenasında keçirilən ölkə birinciliyində, 2018-ci il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülük üzrə çıxış edən idmançımız möhtəşəm nəticə göstərərək ölkə üçüncüsü olub.
Bu uğur təkcə Zeynəb üçün deyil, bütün Sumqayıt üçün qürurvericidir. Qeyd edək ki, regionları təmsil edən komandalar arasında bu artıq ikinci belə nailiyyətdir. Məşqçi Fatimə Qurbanovanın rəhbərliyi ilə əldə olunan bu nəticə gələcək böyük uğurların xəbərçisi kimi qiymətləndirilir.

Zeynəb Paşayeva ilə qısa müsahibəni təqdim edirik:

– Gimnastikaya necə başlamısan? Səni bu idmana kim həvəsləndirib?
– Özüm televizorda gimnastika çıxışlarına baxıb həvəslənmişəm və bu sahəyə böyük marağım yaranıb. Daha sonra atam da məni dəstəkləyərək düzgün istiqamətə yönləndirib və gimnastikaya başlamağımda böyük rol oynayıb.

– İlk yarışını xatırlayırsan? O zaman nə hiss edirdin?
– İlk yarışım 2025-ci ildə Sumqayıtda olub. Həmin gün mənim üçün çox xüsusi idi. İlk dəfə belə böyük yarış mühitində idim. Çox həyəcanlı idim, amma eyni zamanda çıxış edəcəyim üçün çox sevinirdim və özümü sınamaq istəyirdim.

– Ölkə birinciliyində medal qazananda özünü necə hiss etdin?
– Yarışdan sonra çox sevindim. Sevincimi ilk olaraq məşqçimlə bölüşmək istədim. Qaçıb onun qucağına sarıldım. Bu an mənim üçün unudulmaz xatirələrdən biri oldu.

– Sənin üçün gimnastikanın ən çətin tərəfi nədir?
– Gimnastika mənə çətin gəlmir, çünki bu idman növünü çox sevirəm. Sevdiyim işi gördüyüm üçün məşqlərdən zövq alıram və hər gün daha da inkişaf etmək istəyirəm.

– Ən çox hansı hərəkəti və ya çıxışı sevirsən?
– Ən çox gürzlərlə etdiyim hərəkətləri sevirəm. Bu alətlə çıxışlar mənə daha maraqlı və dinamik gəlir. Özümü daha sərbəst hiss edirəm.

– Məşqlərdə ən çox nəyi xoşlayırsan?
– Ən çox şpaqata oturmağı və elastikliyimi artırmağı sevirəm. Hər dəfə daha yaxşı nəticə əldə etmək məni motivasiya edir.

– Yarışdan əvvəl həyəcanlanırsan? Həyəcanını necə idarə edirsən?
– Bəli, həyəcanlanıram. Amma məşqçimin verdiyi motivasiya sayəsində özümə inamım artır və həyəcanımı idarə edə bilirəm.

– Sənin ən böyük arzun nədir?
– Ən böyük arzum beynəlxalq arenalarda bayrağımızı dalğalandırmaq və Olimpiya çempionu olmaqdır. Gələcəkdə isə yaxşı məşqçi olmaq istəyirəm.

– Səni ən çox kim dəstəkləyir?
– Məşqçim mənim ən böyük dəstəkçimdir. O, həm öyrədir, həm də motivasiya verir və hər zaman yanımdadır.

– Sənin kimi gimnast olmaq istəyən uşaqlara nə məsləhət verərdin?
– Gimnastikaya marağı olan hər kəsə tövsiyə edirəm ki, bu idman növünə gəlsinlər. Burada həm inkişaf edir, həm də yeni dostlar qazanırlar.

Gender.az











Seçilən
1
30
gender.az

10Mənbələr