Tehrana yenidən güclü zərbələr endirilib – şəhərin müxtəlif nöqtələrində gecə saatlarında baş verən partlayışlar paytaxt səmasını işıqlandırıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, zərbələrin şiddəti son dərəcə yüksəkdir. Videolarda uzaq məsafədən belə görünən güclü işıq seli və alov dilləri hücumların miqyasını açıq şəkildə nümayiş etdirir.
Şahidlərin paylaşdığı kadrlarda partlayışların ardıcıl şəkildə baş verdiyi, zərbə dalğasının geniş əraziyə yayıldığı və gecə səmasının demək olar ki, gündüz kimi işıqlandığı görünür. Bu isə hücumların intensivliyinin hələ də azalmadığını göstərir.
Artıq bir aydan çoxdur ki, regionda hərbi gərginlik davam edir. Bu müddət ərzində İranın paytaxtı Tehran başda olmaqla bir sıra şəhərləri ABŞ və İsrailin hava zərbələrinə məruz qalıb.
Buna cavab olaraq Tehran da İsrail istiqamətində genişmiqyaslı raket hücumları həyata keçirib. Məlumatlara görə, zərbələr yalnız bir neçə şəhərlə məhdudlaşmayıb, müxtəlif istiqamətlərdə intensiv raket və dron hücumları qeydə alınıb.
Eyni zamanda, son həftələrdə bölgədə eskalasiyanın daha da genişləndiyi bildirilir. Körfəz regionunda – Səudiyyə Ərəbistanı, Küveyt və Dubay istiqamətində də müxtəlif tipli zərbələr endirib.
Hazırkı vəziyyət göstərir ki, tərəflər geri çəkilmək niyyətində deyil və münaqişə yeni mərhələyə keçə bilər. Regionda vəziyyət son dərəcə gərgin olaraq qalır.
Musavat.com