İngiltərənin "Tottenhem" klubu baş məşqçisi İqor Tudorla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, London təmsilçisi ayrılığı rəsmi saytı üzərindən elan edib.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xorvatiyalı çalışdırıcının Premyer Liqa klubunda işi 6 həftə çəkib.
"Tottenhem"i çalışdıracaq məşqçinin kimliyi də böyük ölçüdə bəllidir. İtalyan mütəxəssis Roberto De Zerbi vakant posta əsas namizəd hesab olunur. Bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial media hesabında paylaşım edib. Londonlular 46 yaşlı mütəxəssislə danışıqları davam etdirir və onun mümkün qədər tez bir zamanda işə başlamasını tələb edir. Klubun De Zerbiyə uzunmüddətli müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 31 oyundan sonra 30 xalla 17-ci yerdədir.