AZ

Yəmən hökuməti İranı regionu gərginləşdirməkdə ittiham etdi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Yəmənin rəsmi hökuməti İranın regiondakı fəaliyyətlərini və Husi qruplaşmasına verdiyi dəstəyi sərt şəkildə pisləyərək bunun ölkənin suverenliyinə birbaşa təhdid olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, hökumətin açıqlamasında bildirilib ki, İran Yəməni regional münaqişələrə cəlb etməyə çalışır və silahlı qruplaşmalar vasitəsilə dövlət institutlarını zəiflətmək siyasəti yürüdür. Rəsmi Səna bu cür addımların ölkənin sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vurduğunu qeyd edib.

Bəyanatda vurğulanıb ki, müharibə və sülh məsələləri yalnız dövlət orqanlarının səlahiyyətində olmalıdır. Hökumət husilərin İsrailə qarşı hücumlarını qanunsuz hərbi fəaliyyət kimi qiymətləndirərək bunun nəticələrinə görə məsuliyyətin həmin qüvvələrin üzərinə düşdüyünü bildirib.

Qeyd olunub ki, İranın regionda apardığı siyasət digər ölkələrdə də münaqişələrin uzanmasına və dövlətlərin xarici təsir altına düşməsinə səbəb olub. Bu isə Yəmənin də oxşar təhlükə ilə üz-üzə qalmasına gətirib çıxarır.

Yəmən hökuməti xəbərdarlıq edib ki, bu siyasətin davam etməsi ölkənin milli təhlükəsizliyini, birliyini və sabitliyini ciddi risk altına qoyacaq, iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq, tədarük zəncirlərini pozacaq və enerji ilə ərzaq qiymətlərinin artmasına səbəb olacaq.

Eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edərək Yəmənin suverenliyinə edilən müdaxilələrə qarşı qəti mövqe nümayiş etdirilməsi və qanunsuz hərbi fəaliyyətlərin dayandırılması üçün təzyiqlərin artırılması istənilib.

Digər tərəfdən, İsrail tərəfi Yəməndən buraxılan pilotsuz aparatların zərərsizləşdirildiyini açıqlayıb. Husilərin münaqişəyə qoşulması isə Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və enerji bazarları üçün əlavə risklər yaradıb.

Seçilən
29
turkic.world

1Mənbələr